Son dəqiqə

Marsel media Qəzza Associated Press Jurnalistlər Qızıl Qələm Mükafatı Mətbuat Azadlığı WAN-IFRA Fransa-Presse Agentliyi

Qəzzalı jurnalistlər beynəlxalq mükafata layiq görüldü: “Qızıl Qələm” onlara veriləcək

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Qəzzada fəaliyyət göstərən jurnalistlər münaqişə zonasından reportajlar hazırlamağa davam etdiklərinə görə beynəlxalq mətbuat azadlığı mükafatına layiq görülüblər. Mükafat onların ağır şəraitdə peşə fəaliyyətini davam etdirməsinə verilən qiymət kimi təqdim olunur.

TurkicWorld xəbər verir ki, Dünya Xəbər Nəşriyyatçıları Assosiasiyası (WAN-IFRA) 2026-cı il üzrə “Qızıl Qələm Azadlıq Mükafatı”nın Qəzzada fəaliyyət göstərən jurnalistlərə veriləcəyini açıqlayıb.

Mükafat Qəzza zolağında reportaj hazırlamağa davam edən yerli və beynəlxalq media nümayəndələrini əhatə edir. Bunların arasında Fransa-Presse Agentliyi, Associated Press və Reuters agentlikləri üçün çalışan jurnalistlər də var.

Təşkilatın bəyanatında qeyd olunub ki, Qəzzada jurnalistlər son dərəcə mürəkkəb və təhlükəli şəraitdə peşəkar fəaliyyətlərini davam etdirərək bölgədə baş verən hadisələri dünya ictimaiyyətinə çatdırıblar.

Mükafatın əsaslandırılmasında vurğulanır ki, Qəzzada çalışan media nümayəndələri iki ildən artıq müddətdə ölüm, dağıntı və humanitar faciələri sənədləşdirərək mühüm informasiya missiyasını yerinə yetiriblər.

Bəyanatda həmçinin qeyd edilir ki, həmin jurnalistlər yalnız hadisələrin şahidi deyil, bir çox hallarda münaqişənin birbaşa təsirinə məruz qalan şəxslər olublar.

“Sərhədsiz Reportyorlar” təşkilatının məlumatına görə, 2023-cü ilin oktyabr ayından bəri Qəzzada və ətraf bölgələrdə 220-dən çox jurnalist həyatını itirib. Onlardan ən azı 70-nin peşə fəaliyyətini yerinə yetirərkən öldüyü bildirilir.

Mükafatlandırma mərasimi Fransanın Marsel şəhərində keçiriləcək. WAN-IFRA bəyan edib ki, mükafat həm fəaliyyətini davam etdirən jurnalistlərin peşəkarlığını və dözümlülüyünü qiymətləndirmək, həm də həyatını itirən və yaralanan media əməkdaşlarının xatirəsini yad etmək məqsədi daşıyır.

Mövzuya görə xəbərlər