BAKI,TurkicWorld,Yusif Şərifzadə
İsrail ordusu Livanın cənubunda yerləşən Sur şəhəri və ətraf ərazilərdə yaşayan sakinlər üçün məcburi təxliyə əmri yayıb.
TurkicWorld xəbər verir ki, İsrail ordusunun ərəbdilli sözçüsü X platformasında yayımladığı açıqlamada bölgədə mümkün hava zərbələri təhlükəsinin olduğu bildirilib və sakinlərə dərhal Zəhrani çayının şimal istiqamətinə hərəkət etmələri barədə çağırış edilib.
Məlumata görə, xəbərdarlıq təkcə Sur şəhərini deyil, həmçinin ətraf yaşayış məntəqələrini və düşərgələri də əhatə edir. Təhlükənin Şəbəriha, Həmmadiyə, Cəl əl-Bəhr, Zəqquq əl-Mufdi, Əl-Bəs, Əl-Maaşuq, Burc Şimali, Nəbaa, Əl-Houş, Rəşidiyyə və Ayn Baal yaşayış məntəqələri üçün də keçərli olduğu qeyd olunub.
Son həftələrdə Livanın cənubunda hərbi əməliyyatların və qarşılıqlı hücumların artması fonunda bölgədə humanitar vəziyyətlə bağlı narahatlıqlar da yüksəlməkdə davam edir.







