BAKI, TurkicWorld, Orxan Qədirzadə
ABŞ Prezidenti Donald Trampın fransalı həmkarı Emmanuel Makronun şəxsi həyatı ilə bağlı işlətdiyi sarkastik ifadələr qlobal rəqəmsal platformalarda geniş reaksiyaya səbəb olub.
TurkicWorld xəbər verir ki, Tramp Parisin xarici siyasətini tənqid edərkən Makronun ötən ilin mayında Vyetnam səfəri zamanı yaşadığı insidenti xatırladıb. Bu addım Qərb düşərgəsi daxilində gərginliyin yeni mərhələyə keçdiyini göstərir.
Skandalın kökündə Parisin ABŞ-ın İrana qarşı apardığı son hərbi əməliyyatlarda əməkdaşlıqdan imtina etməsi dayanır. Tramp Fransanın İsrailə hərbi ləvazimat daşıyan ABŞ təyyarələrinə öz hava məkanından istifadə icazəsi vermədiyini bildirərək, Vaşinqtonun bunu "yadda saxlayacağını" vurğulayıb. Lakin siyasi tənqidlər zamanı Makronun təyyarədən düşərkən həyat yoldaşı Bricit tərəfindən itələnməsi və ya şillə vurulması kimi qələmə verilən şəxsi görüntülərinə eyham vurması diplomatik etik çərçivələrin aşılması kimi qiymətləndirilib.
Trampın bu ritorikası həm siyasi dairələrdə, həm də sosial şəbəkələrdə kəskin tənqid olunub. Makron isə ABŞ prezidentinin sözlərini "hörmətsiz və qeyri-etik" adlandıraraq, bu cür çıxışların cavaba layiq olmadığını qeyd edib. Qeyd edək ki, bu gərginlik Trampın Avropalı tərəfdaşlarını "qorxaq" adlandırması və NATO-nu ABŞ-sız "kağızdan pələng" hesab etməsi ilə müşayiət olunan daha geniş fikir ayrılığının tərkib hissəsidir.







