BAKI,TurkicWorld,Yusif Şərifzadə
Beynəlxalq hüquq müdafiə təşkilatları İsrail ilə Livan arasında imzalanmış çərçivə razılaşmasının müharibə cinayətlərindən zərər çəkən şəxslərin ədalətə çıxış imkanlarını məhdudlaşdıra biləcəyini bildiriblər.
TurkicWorld xəbər verir ki, beynəlxalq hüquq müdafiə təşkilatlarının yaydığı birgə bəyanatda qeyd olunur ki, ötən ay İsrail ilə Livan arasında imzalanmış çərçivə razılaşmasının bəzi müddəaları müharibə cinayətləri qurbanlarının beynəlxalq məhkəmə və digər hüquqi mexanizmlərə müraciət imkanlarını zəiflədə bilər.
Bəyanatda, həmçinin İsrail qüvvələrinin nəzarətində qalan Livanın cənub bölgələrindən on minlərlə sakinin uzunmüddətli məcburi köçkün vəziyyətində qalmasına şərait yarada biləcək müddəaların narahatlıq doğurduğu vurğulanıb.
Xatırladılıb ki, ABŞ-nin vasitəçiliyi ilə iyunun 26-da imzalanmış razılaşma Livan ordusunun ölkənin cənubunda nəzarəti bərpa etməsini və İsrail qüvvələrinin həmin ərazilərdən mərhələli şəkildə geri çəkilməsini nəzərdə tutur.
Beynəlxalq Əfv Təşkilatının baş katibi Aqnes Kallamar bildirib ki, Livanda mülki əhali uzun illərdir münaqişələrin və beynəlxalq hüquq pozuntularının ağır nəticələrini yaşayır. Onun sözlərinə görə, müharibə cinayətləri və digər ağır hüquq pozuntularının qurbanları ədalət, məsuliyyətin müəyyən edilməsi və ziyanın ödənilməsi hüququndan məhrum edilməməlidirlər.






