Arrow-3 sistemi Almaniya ordusu

Almaniya “Arrow-3” sistemini genişləndirir: strateji qərar və effektivlik sualları

BAKI,TurkicWorld Orxan Qədirzadə

Almaniya ordusu ölkənin hava hücumundan müdafiə imkanlarını gücləndirmək məqsədilə Arrow-3 İsrail istehsalı zenit-raket sisteminin yerləşdirilməsini genişləndirir. Yeni qərara əsasən, Bavariya əyalətində yerləşən “Kaufboyren” bölgəsi sistemin ikinci əməliyyat mərkəzi kimi seçilib.

Məlumata görə, yeni cənub bazasında “ELM-2080 Green Pine Block C” radar sistemi yerləşdiriləcək, raket buraxılış qurğuları isə yaxınlıqdakı “Ləşfeld” hava bazasında yerləşdiriləcək. Almaniya Müdafiə Nazirliyi bu qərarı “strateji baxımdan yüksək əhəmiyyətli addım” kimi qiymətləndirib.

Rəsmi Berlin bu genişlənmənin ölkənin kritik infrastrukturunun və müttəfiq qüvvələrin qorunmasını gücləndirəcəyini bildirir. Layihə Avropada dəyişən təhlükəsizlik vəziyyəti fonunda hava hücumundan müdafiə şəbəkəsinin genişləndirilməsi planının bir hissəsi kimi təqdim olunur.

Arrow-3 sistemi İsrailin Israel Aerospace Industries tərəfindən ABŞ Müdafiə Raket Agentliyi ilə birgə hazırlanıb və əsasən ballistik raketlərin atmosferdən kənarda məhv edilməsi üçün nəzərdə tutulub. Sistemin 2400 kilometrədək məsafəni əhatə etdiyi və 100 kilometrdən yüksək hündürlükdə hədəfləri vurduğu bildirilir.

Bununla belə, son aylarda sistemin effektivliyi ilə bağlı ciddi suallar gündəmə gəlib. Xüsusilə Yaxın Şərqdə baş verən hərbi toqquşmalar zamanı bəzi ballistik raketlərin müdafiə qatlarını keçməsi və hədəflərə ziyan vurması iddiaları ekspertlər arasında müzakirələrə səbəb olub.

Müşahidəçilər hesab edirlər ki, müasir hipersəs və manevr qabiliyyətli raketlərə qarşı mövcud müdafiə sistemlərinin effektivliyi tam təmin olunmayıb. Bu isə Almaniyanın bu sistemə böyük sərmayə qoymasının gələcəkdə yenidən qiymətləndirilə biləcəyi ehtimalını artırır.

Bəzi hərbi analitiklər isə bildirirlər ki, Arrow-3 daha çox yüksək hündürlükdə uçan ballistik raketlərə qarşı effektivdir, lakin aşağı hündürlüklü və manevr edən taktiki raketlərə qarşı məhdud imkanlara malikdir.

Buna baxmayaraq, Almaniya İsraillə imzaladığı və ümumi dəyəri milyardlarla dolları keçən müdafiə sazişləri çərçivəsində bu sistemi Avropanın hava qalxanı konsepsiyasının əsas elementlərindən biri kimi görür.