BAKI, TurkicWorld, Orxan Qədirzadə
Səudiyyə Ərəbistanı və bir sıra ərəb və İslam ölkələri Qüdsdə ibadət azadlığına qoyulan məhdudiyyətləri kəskin şəkildə pisləyib.
TurkicWorld xəbər verir ki, Səudiyyə Ərəbistanı, Misir, İordaniya, Pakistan, İndoneziya, Türkiyə, Qətər və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirləri İsrailin müsəlman və xristianların ibadət hüquqlarını məhdudlaşdırmasını qəti şəkildə rədd etdiklərini bəyan ediblər.
Bildirilib ki, tətbiq edilən məhdudiyyətlər çərçivəsində müsəlman zəvvarların Əl-Əqsa məscidinə girişinə maneələr yaradılıb, eyni zamanda xristian dini rəhbərlərin Müqəddəs Qəbir kilsəsində dini ayinlər keçirməsinə icazə verilməyib.
Qeyd olunur ki, bu addımlar beynəlxalq ictimaiyyətin kəskin reaksiyasına səbəb olub və nəticədə İsrailin baş naziri Benyamin Netanyahu məhdudiyyətlərin bir hissəsinin aradan qaldırılması barədə göstəriş verib.
Məlumata görə, Qüdsdə yerləşən dini qurumlar bildiriblər ki, əsrlər ərzində ilk dəfə olaraq bəzi dini liderlər Pasxa ərəfəsində keçirilən ibadət mərasimlərini icra edə bilməyiblər.
Vatikan nümayəndələri də baş verən hadisə ilə bağlı narahatlıqlarını ifadə edərək məsələ ilə bağlı diplomatik təmasların aparıldığını açıqlayıblar.
İsrail polisi isə bildirib ki, İranla bağlı münaqişə fonunda təhlükəsizlik səbəbilə Qüdsün köhnə şəhərində yerləşən bir sıra dini məkanlar müvəqqəti olaraq ibadətə bağlanıb.







