BAKI, TurkicWorld, Orxan Qədirzadə
Misir hökuməti İsrailin Livana qarşı davam edən hərbi təcavüzünü dayandırmaq və regional müharibə riskini azaltmaq məqsədilə genişmiqyaslı diplomatik və təhlükəsizlik təşəbbüsü başladıb. Bu çərçivədə Misir Xarici İşlər naziri Bədr Əbdülatinin Beyruta rəsmi səfəri ilə yanaşı, Misir təhlükəsizlik nümayəndə heyətinin "Hizbullah" rəsmiləri ilə keçirdiyi gizli görüşün detalları məlum olub.
TurkicWorld xəbər verir ki, Misir tərəfi "Hizbullah"a atəşkəs əldə olunması və Livanın suverenliyinin tam bərpası üçün konkret bəndlərdən ibarət təkliflər paketi təqdim edib.
Misir parlamentinin üzvü Mustafa Bəkri tərəfindən verilən məlumata görə, Beyrutda təxminən dörd saat davam edən görüşdə Misir təhlükəsizlik rəsmiləri "Hizbullah" nümayəndələrinə gərginliyi azaltmaq üçün xüsusi təşəbbüs irəli sürüblər. Bu təklif dərhal atəşkəsin elan olunmasını, Livan hökumətinin ölkə ərazisində tam nəzarətini təmin etməsini və müqavimət qüvvələrinin silahlarının gələcək statusunun danışıqlar masasına gətirilməsini nəzərdə tutur. Bildirilir ki, "Hizbullah" rəhbərliyi bu təkliflərə cavabı Livan Parlamentinin sədri Nəbih Berri vasitəsilə çatdıracağını vəd edib.
Misir Xarici İşlər nazirinin keçmiş müavini Hüseyn Həridi qeyd edib ki, rəsmi Qahirənin əsas məqsədi İsrailin Livanın cənubunu yenidən işğal etmək üçün istifadə etdiyi bəhanələri əlindən almaqdır. Misir tərəfi Livan daxilində hökumət, ordu və "Hizbullah" arasında elə bir razılaşmanın əldə olunmasına çalışır ki, bu formatda silahdan istifadə qərarı yalnız dövlətin səlahiyyətində olsun. Bu yanaşma İsrailin hərbi hərəkətliliyini dayandırmaq və Livan ordusunun bütün ölkə sərhədləri boyunca yerləşdirilməsini təmin etmək üçün mühüm başlanğıc nöqtəsi hesab olunur.
Misir Xarici İşlər Nazirliyi vurğulayıb ki, nazir Əbdülatinin son iki ildə Beyruta etdiyi beşinci səfər Misirin Livanın təhlükəsizliyinə verdiyi böyük önəmin göstəricisidir.







