BAKI,TurkicWorld, Orxan Qədirzadə
Rusiya hərbi qüvvələrinin Ukrayna ərazisinə gecə boyu təşkil etdiyi kütləvi pilotsuz uçuş aparatı (PUA) hücumları nəticəsində dinc sakinlər arasında itkilər qeydə alınıb. Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, hücum zamanı ümumilikdə 154 PUA buraxılıb ki, onlardan 148-i hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.
TurkicWorld xəbər verir ki, Ukraynanın cənub-şərqində yerləşən Zaporojye şəhərində yaşayış evinin vurulması nəticəsində bir ailənin faciəsi yaşanıb. Vilayət rəhbəri İvan Fedorovun şənbə günü səhər saatlarında verdiyi məlumata görə, hücum nəticəsində valideynlər həlak olub, onların 11 və 15 yaşlı övladları, həmçinin daha dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ukrayna tərəfi 5 PUA-nın hədəfə dəydiyini, 7 bölgədə isə qalıqların düşdüyünü bildirib.
Bu gərginlik ABŞ-da, Mayami şəhərində Ukrayna və ABŞ nümayəndə heyətləri arasında keçirilməsi planlaşdırılan sülh danışıqlarından bir neçə saat əvvələ təsadüf edir. Prezident Volodimir Zelenski Ukrayna nümayəndə heyətinin müharibənin dayandırılması üzrə danışıqları bərpa etmək üçün ABŞ-a yola düşdüyünü bəyan etsə də, Ağ Ev hələlik bu görüşü rəsmən təsdiqləməyib.
Eyni zamanda, Ukrayna Baş Qərargahı Rusiyanın Saratov neft emalı zavoduna uğurlu zərbə endirildiyini açıqlayıb. Bildirilir ki, sözügedən zavod Rusiya ordusu üçün yanacaq və sürtkü yağları istehsal edən strateji obyektdir.







