BAKI, TurkicWorld, Nailə Babazadə
Əfqanıstanın Müdafiə Nazirliyi, ölkənin hərbi hava qüvvələrinin yerli vaxtla saat 11.00-da Pakistanın müxtəlif bölgələrinə cavab zərbələri endirdiyini elan edib.
TurkicWorld xəbər verir ki, əməliyyatlar Pakistanın Faysalabad şəhəri yaxınlığındakı hərbi düşərgəni, Novşera şəhərindəki ordu kazarmasını, həmçinin Camrud və Abbottabad bölgələrini əhatə edib. Nazirlik bu hücumlarda Pakistanın hərbi mərkəzlərinin, obyektlərinin və strateji qurğularının birbaşa hədəf alındığını vurğulayıb.
Münaqişə tərəfləri itkilərlə bağlı fərqli və ziddiyyətli rəqəmlər açıqlayır. Pakistan tərəfi keçirdiyi əməliyyatlarda Əfqanıstan tərəfindən 133 nəfərin öldüyünü və 200-dən çox insanın yaralandığını iddia etsə də, Əfqanıstan rəsmiləri bu rəqəmləri təkzib edir. Kabil isə cavab əməliyyatlarında 55 Pakistan əsgərinin öldürüldüyünü, 23 əsgərin meyitinin və çox sayda silahın ələ keçirildiyini irəli sürür. Əfqanıstan Qırmızı Aypara Cəmiyyəti isə Pakistanın ilkin hücumları nəticəsində 18 nəfərin həyatını itirdiyini bildirib.
İslamabad və Kabil arasındakı gərginliyin əsas səbəbi Pakistan Talibanı (TTP) və sərhəd təhlükəsizliyi məsələsidir. Pakistan rəhbərliyi terror təşkilatı kimi tanıdığı TTP-nin Əfqanıstan ərazisində sığındığını və hücumlarını oradan idarə etdiyini müdafiə edir. Taliban hökuməti isə bu iddiaları rədd edərək, TTP-nin onların torpaqlarında fəaliyyət göstərmədiyini bildirir. Münaqişə zonası olan və Britaniya müstəmləkə dövründə formalaşan Durand xətti hər iki ölkəyə yayılmış puştun qəbilələrinin yaşadığı bölgədir və TTP-nin burada aktiv olduğu qeyd edilir.







