Son dəqiqə

ABŞ Rusiya Vladimir Putin Moskva Kuba Vaşinqton

Rusiya ABŞ-ın sanksiyalarını qəbul etməyəcək - Putin

BAKI,TurkicWorld, Fərid Mikayılov

Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın Kubaya qarşı tətbiq etdiyi sanksiyalara qarşı olduğunu və Moskvanın bu addımları qəbul etməyəcəyini bəyan edib.

TurkicWorld xəbər verir ki, Putin Moskvada Bruno Rodriguez ilə görüşündə ABŞ-ın yeni məhdudiyyətlərini şərh edərək bildirib ki, Rusiya Kubanın müstəqillik və öz inkişaf yolunu seçmək hüququnu daim dəstəkləyib.

Putin qeyd edib ki, Moskva hər zaman Kuba xalqının yanında olub və bu mövqeyini dəyişməyəcək.

Rusiya xarici işlər naziri Sergey Lavrov isə ABŞ-ı Kubaya qarşı blokadadan imtina etməyə çağırıb. Onun sözlərinə görə, beynəlxalq ictimaiyyətin böyük hissəsi Vaşinqtonu məsuliyyətli davranmağa və dəniz blokadası planlarından əl çəkməyə səsləyir.

Kremlin sözçüsü Dmitri Peskov da bildirib ki, Rusiya bir çox ölkələr kimi Kubaya qarşı tətbiq olunan blokadaya davamlı şəkildə qarşı çıxır və Havana ilə münasibətlərə böyük əhəmiyyət verir. Onun sözlərinə görə, Moskva çətin dövrlərdə dost ölkələrə zəruri yardımı göstərmək niyyətindədir.

ABŞ Prezidenti Donald Tramp Kubaya neft satan ölkələrə gömrük rüsumları tətbiq etməklə hədələyib. Bu fonda ada dövləti elektrik stansiyaları və neft emalı zavodları üçün xam neft idxalında çətinliklərlə üzləşib.

Kuba xarici işlər naziri Rodriqes Moskvada keçirdiyi mətbuat konfransında ölkədə vəziyyətin ağırlaşdığını bildirib. Onun sözlərinə görə, ABŞ-ın addımları beynəlxalq hüququn pozulmasına və BMT prinsiplərinin zəifləməsinə səbəb olur.

Kuba əsas neft təchizatçılarından olan Venesuelanın xam neft satışını dayandırmasından sonra ciddi yanacaq çatışmazlığı ilə üzləşib. Digər tərəfdən, Meksika da ABŞ-ın rüsum təhdidlərindən sonra Kubaya neft tədarükünü dayandırıb.

Rusiya mətbuatında yayılan məlumatlara görə, Moskva yaxın vaxtlarda Kubaya humanitar məqsədli yanacaq göndərməyə hazırlaşır. Havanadakı Rusiya səfiri Viktor Koronelli yardımın təşkili ilə bağlı detalların araşdırıldığını, lakin hələlik konkret məlumat verə bilməyəcəyini bildirib

Mövzuya görə xəbərlər