BAKI, TurkicWorld, Orxan Qədirzadə
Mədinə şəhərində İslam tarixinin ən mühüm hadisələrindən biri olan hicrətə həsr olunmuş "Peyğəmbərin izi ilə" sərgisi fəaliyyətə başlayıb.
TurkicWorld xəbər verir ki, sərginin açılış mərasimi bazar günü axşam saatlarında Mədinə bölgəsinin əmiri şahzadə Salman bin Sultan bin Əbdüləziz tərəfindən həyata keçirilib.
Sərgi ziyarətçilərə İslam mədəniyyətinin və sivilizasiyasının dönüş nöqtəsi hesab olunan hicrət hadisəsini dərindən hiss etmək üçün unikal tarixi təcrübə təqdim edir. Mədinənin mədəni və intellektual mövqeyini gücləndirmək məqsədi daşıyan bu sərgi iki il boyu fəaliyyət göstərəcək.
Mərasimdə Məkkə əmirinin müavini şahzadə Səud bin Mişal bin Əbdüləziz və Səudiyyə Ərəbistanı Əyləncə İdarəsinin sədri Türki Al əl-Şeyx də iştirak ediblər. Ekspozisiya 14 interaktiv stansiyadan ibarətdir və burada 8 gün ərzində qət edilən 400 kilometrlik müqəddəs yolun tarixi detalları müasir texnologiyalar və hekayə üslubu ilə nümayiş etdirilir. Sərgi hicrətin Ərəbistan yarımadasının sosial, siyasi və iqtisadi mənzərəsinə göstərdiyi böyük təsiri işıqlandırır.







