Pakistan terror aktı Terrora qarşı mübarizə Terrorizmin maliyyələşdirilməsi terror təşkilatlarına qarşı ortaq mövqe İslamabad Terrorçuluq

İslamabadda məscidə hücum: Ölənlərin sayı 38-ə yüksəldi

BAKI, TurkicWorld, Nailə Babazadə

Pakistanın paytaxtı İslamabadda, 6 fevral tarixində cümə namazı zamanı şiə icmasına məxsus İmam Bargah məscidində törədilən terror aktı nəticəsində həyatını itirənlərin sayı 38-ə çatıb.

TurkicWorld xəbər verir ki, Pakistan Tibb Elmləri İnstitutu (PIMS) və digər xəstəxanalardan alınan məlumatlara görə, partlayışdan sonra ağır yaralı halda müalicə alan bəzi şəxslərin vəfat etməsi itkilərin sayını artırıb. Tibbi rəsmilər bir çox yaralının vəziyyətinin hələ də kritik olduğunu və ölü sayının daha da arta biləcəyini qeyd ediblər.

Partlayış İslamabadın Shehzad Town bölgəsində baş verib. Hadisə zamanı 160-dan çox insan yaralanaraq PIMS, Poliklinika və CDA xəstəxanalarına çatdırılıb və bu tibb müəssisələrində dərhal "fövqəladə vəziyyət" elan edilib. Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar hücumun bir "kamikadze tərəfindən" törədildiyini rəsmən təsdiqləyib və hadisəni kəskin şəkildə pisləyib. İlkin istintaq nəticələrinə görə, terrorçunun İŞİD qruplaşması ilə əlaqəli olduğu və dəfələrlə Əfqanıstana səfər etdiyi müəyyən edilib. Hücuma görə məsuliyyəti də məhz İŞİD-lə əlaqəli qruplaşma üzərinə götürüb.

Pakistan Daxili İşlər Nazirliyi hücumla bağlı genişmiqyaslı araşdırmalara başlayıb. Xeybər-Paxtunxva əyalətinin Peşəvər və Nowshera bölgələrində keçirilən eyni vaxtlı əməliyyatlar nəticəsində terror aktı ilə əlaqəli 4 şübhəli saxlanılıb. Nazirliyin açıqlamasında bildirilir ki, əldə olunan sübutlar hücumun planlaşdırılması, təlimləri və idarə olunmasının birbaşa Əfqanıstan ərazisindəki İŞİD elementləri tərəfindən həyata keçirildiyini ortaya qoyur.

Mövzuya görə xəbərlər