BAKI, TurkicWorld, Nailə Babazadə
Küveyt Xarici İşlər Nazirliyi bazar günü yaydığı sənədlə "terrorizmlə mübarizə" qaydaları çərçivəsində Livanın səkkiz xəstəxanasını müvafiq siyahıya daxil etdiyini bildirib. Küveyt tərəfinin bu addımı regionda geniş rezonans doğurub.
TurkicWorld xəbər verir ki, Livanın Səhiyyə Nazirliyi Küveytin bu qərarını "böyük təəccüblə" qarşıladıqlarını bəyan edib. Nazirlik tərəfindən verilən rəsmi açıqlamada qeyd olunub ki, bu məsələ ilə bağlı Küveytin hər hansı bir qurumundan əvvəlcədən heç bir məlumat və ya bildiriş daxil olmayıb. Bildirilib ki, nazirlik məsələyə aydınlıq gətirilməsi üçün rəsmi müraciət edəcək.
Açıqlamada sözügedən tibb müəssisələrinin Livanın özəl xəstəxanalar sindikatında qeydiyyatda olduğu və bütün Livan vətəndaşlarına fərq qoymadan səhiyyə xidməti göstərdiyi vurğulanıb. Nazirlik bu müəssisələrin Livan səhiyyə sisteminin "əsas tərkib hissəsi" olduğunu və ölkənin səhiyyə sistemini qorumaq üçün lazımi addımların atılacağını bildirib.
Livan tərəfi xatırladıb ki, Küveyt ölkənin üzləşdiyi ardıcıl böhranlar zamanı Livan səhiyyə sisteminə ən çox dəstək verən və nazirliklə bir çox müştərək layihələr həyata keçirən ölkələrdən biri olub. Nazirlik son addımın Küveytin adətən nümayiş etdirdiyi mövqe ilə "ziddiyyət təşkil etdiyini" və belə bir qərarın "görünməmiş bir hal" olduğunu xüsusi qeyd edib.







