BAKI,TurkicWorld, Orxan Qədirzadə
İtaliyanın infrastruktur naziri və vitse-baş naziri Matteo Salvini Ukrayna Prezidenti Volodimir Zelenskinin ünvanına sərt tənqidlər səsləndirib və onu Rusiya ilə sülh sazişi imzalamağa çağırıb.
TurkicWorld xəbər verir ki, Salvini bu mövqeyini sosial şəbəkə üzərindən yaydığı açıqlamada ifadə edib. O bildirib ki, Kiyevə göstərilən geniş maliyyə və siyasi dəstəyə baxmayaraq, Ukrayna münaqişədə insan itkisi verir, beynəlxalq etimadı və ləyaqətini itirir, müharibənin uzadılması isə vəziyyəti daha da ağırlaşdırır.
Salvini qeyd edib ki, Zelenski bütün göstərilən yardım fonunda hələ də narazılıq ifadə edir və bunun yolverilməz olduğunu vurğulayıb. Onun sözlərinə görə, Ukrayna lideri qarşısında seçim var: ya sülhə razılaşmaq, ya da daha ağır nəticələrlə üzləşmək.
Ukrayna Prezidenti Volodimir Zelenski isə bir gün əvvəl verdiyi açıqlamada Kiyevin ərazi məsələləri ilə bağlı mövqeyinin dəyişmədiyini bildirib. O qeyd edib ki, hər hansı kompromis üçün bütün tərəflərin, o cümlədən ABŞ-nin buna hazır olması vacibdir.
Zelenski Əbu-Dabidə keçirilən görüşləri şərh edərək, danışıqlarda 20 maddəlik sülh planının və bir sıra problemli məsələlərin müzakirə edildiyini, bu problemlərin sayının azaldığını bildirib. Ukrayna lideri eyni zamanda Rusiya, ABŞ və Ukrayna arasında yeni danışıqlar mərhələsinin bu həftə keçiriləcəyini açıqlayıb.