BAKI,TurkicWorld, Orxan Qədirzadə
Qətər hökuməti Livanda elektrik enerjisi sektorunun bərpası, Livan Silahlı Qüvvələrinə dəstəyin davam etdirilməsi və suriyalı qaçqınların geri qayıdışının təşviqi məqsədilə yüz milyonlarla dollar həcmində sərmayə yatıracağını açıqlayıb.
TurkicWorld xəbər verir ki, Qətərin xarici işlər üzrə dövlət naziri Məhəmməd bin Əbdüləziz əl-Xülayfi Beyrutda Livanın baş naziri Nəvaf Salam və prezident Cozef Aun ilə keçirdiyi görüşlərdən sonra bu barədə məlumat verib. Sərmayələr Qətərin İnkişaf Fondu vasitəsilə həyata keçiriləcək.
Nazirin sözlərinə görə, Qətər Livanın elektrik sektoruna 40 milyon dollar qrant, əlavə olaraq isə 360 milyon dollar dəyərində layihə sərmayəsi ayıracaq. Bu layihələrin təxminən 1,5 milyon nəfərin həyat şəraitinə birbaşa müsbət təsir göstərəcəyi bildirilir.
Qətər rəsmisi həmçinin qeyd edib ki, ölkəsi Livandan Suriyaya qaçqınların geri qayıdışına da dəstək verəcək. İlkin mərhələdə 100 min nəfərin geri dönüşü planlaşdırılır və bu proses üçün 20 milyon dollar ayrılacaq. Geri qayıdan qaçqınların yaşayışla təmin ediləcəyi, həmçinin ilk üç ay ərzində ərzaq və dərman xərclərinin qarşılanacağı vurğulanıb. Suriya hökumətinin bu prosesə yardım göstərəcəyi də bildirilib.
Livanın sosial məsələlər naziri Hənən Seyid isə daha əvvəl 2025-ci ildə 500 min suriyalı qaçqının ölkələrinə qayıtdığını açıqlamışdı.
Qətər tərəfi eyni zamanda Livan ordusuna dəstəyin davam etdiriləcəyini bəyan edib. Əl-Xülayfi bildirib ki, Doha Livan Silahlı Qüvvələrini ölkədə təhlükəsizlik və sabitliyin əsas dayağı hesab edir.