BAKI, TurkicWorld
Azərbaycan və İsrail arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi və yeni tərəfdaşlıq imkanları müzakirə olunub.
TurkicWorld xəbər verir ki, İqtisadiyyat naziri Mikayıl Cabbarov İsrailin xarici işlər naziri Gideon Saar ilə görüşüb, həmçinin Bakıda Azərbaycan–İsrail biznes forumu keçirilib.
Görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyi vurğulanıb, sənaye, kənd təsərrüfatı, enerji, yüksək texnologiyalar və digər sahələr üzrə birgə fəaliyyətin geniş potensiala malik olduğu bildirilib. Tərəflər iqtisadi əməkdaşlığın hüquqi bazasının möhkəmləndirilməsi, ticarət dövriyyəsinin artırılması və birgə investisiya layihələrinin icra vəziyyətini müzakirə ediblər.
Bakıda təşkil edilən Azərbaycan–İsrail biznes forumunda hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, sənaye, tikinti, əczaçılıq, kənd təsərrüfatı, texnologiyalar, su təchizatı və idarəçiliyi, nəqliyyat-logistika, kibertəhlükəsizlik, bankçılıq və turizm sahələrində fəaliyyət göstərən 100-dən çox şirkətin nümayəndələri iştirak edib.
Forumda çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov əməkdaşlığın qarşılıqlı etimad üzərində qurulduğunu, yüksək səviyyəli təmasların ikitərəfli münasibətlərin möhkəmlənməsində mühüm rol oynadığını qeyd edib. Bildirilib ki, Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan və İsrail prezidentlərinin görüşündə də ikitərəfli gündəlik müzakirə olunub.
İsrailin xarici işlər naziri Gideon Saar münasibətlərin dinamik inkişafını yüksək qiymətləndirib, biznes dairələri arasında birbaşa əlaqələrin genişləndirilməsinin və birgə layihələrin artırılmasının vacibliyini vurğulayıb.
Forum çərçivəsində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə İsrail İstehsalçılar Assosiasiyası arasında Anlaşma Memorandumu imzalanıb, həmçinin B2B və B2G formatında görüşlər keçirilib.