BAKI, TurkicWorld, Orxan Qədirzadə
ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsi ilə bağlı mövqeyini açıqlayaraq müharibənin dayandırılmasının vacibliyini bəyan edib.
TurkicWorld xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Davosda Donald Trampla keçirdiyi danışıqlardan sonra bildirib ki, Kiyevə təhlükəsizlik zəmanətlərinin verilməsi şərtləri üzrə razılaşma yekunlaşdırılıb. Onun sözlərinə görə, əsas açıq qalan məsələ ərazilərlə bağlıdır və bu mövzu hələlik həll olunmayıb. Zelenski bunu uzun müddət davam edən sülh danışıqlarında müsbət irəliləyiş əlaməti kimi qiymətləndirib.
Ukrayna lideri açıqlayıb ki, Rusiya, Ukrayna və ABŞ nümayəndələri ilk dəfə olaraq üçtərəfli formatda Abu-Dabidə cümə və şənbə günləri görüşlər keçirəcək. Eyni zamanda, Rusiya ilə müharibədən sonrakı iqtisadi bərpa ilə bağlı sazişin “demək olar ki, hazır” olduğu bildirilib. Bu məsələ Kiyevin mövqeyində mühüm yer tutur və əvvəlki ABŞ sülh planından fərqli yanaşmanı əks etdirir.
Həm Volodimir Zelenski, həm də Donald Tramp Davosdakı görüşü müsbət dəyərləndirib. Tramp jurnalistlərə açıqlamasında Zelenski ilə görüşün yaxşı keçdiyini və prosesin davam etdiyini deyib. O, ABŞ nümayəndələrinin Moskvaya danışıqlar üçün yola düşdüyünü də təsdiqləyib.
Rusiya Prezidenti Vladimir Putin üçün mesajının nə olduğu soruşulduqda isə Donald Tramp qısa cavab verib: “Müharibə başa çatmalıdır”.
Qeyd edək ki, Zelenski daha əvvəl Davosa yalnız ABŞ-la təhlükəsizlik zəmanətləri və müharibədən sonrakı bərpa maliyyələşdirilməsi ilə bağlı konkret razılaşmalar əldə olunacağı təqdirdə gələcəyini bildirmişdi.