BAKI, TurkicWorld, Orxan Qədirzadə
Fələstin Baş naziri Məhəmməd Mustafa Qəzzada bərpa prosesinin ləngidilməsinin İsrailin əhalinin məcburi köçürülməsi planlarına xidmət etdiyini bildirib.
TurkicWorld xəbər verir ki, Məhəmməd Mustafa Davosda keçirilən Dünya İqtisadi Forumu zamanı jurnalistlərə açıqlamasında Qəzzada kövrək atəşkəs şəraitində növbəti mərhələ üçün yol xəritəsini təqdim edib. Onun sözlərinə görə, proses təcili humanitar ehtiyacların ödənilməsindən başlamalı, bərpa, institutların qurulması və Qəzza ilə İordan çayının qərb sahilinin birləşdirilməsi ilə davam etməlidir.
Baş nazir bildirib ki, Qəzzada atəşkəslə bağlı əldə olunan irəliləyiş beynəlxalq və ərəb tərəflərinin səyləri sayəsində mümkün olub, lakin mövcud mərhələ hələ də ciddi çağırışlarla müşayiət olunur. O vurğulayıb ki, “hər şey əsaslardan başlamalıdır” və insanların hələ də ağır şəraitdə yaşadığı nəzərə alınmalıdır.
Məhəmməd Mustafa qeyd edib ki, hazırda ən ciddi problem layiqli yaşayış şəraitinin olmamasıdır. Onun sözlərinə görə, İsrail bu sahədə ciddi məhdudiyyətlər tətbiq edir və bu məsələ hazırda “ən yüksək prioritet” olmalıdır. Baş nazir vurğulayıb ki, söhbət dəbdəbəli binalardan deyil, ailələrin müvəqqəti də olsa, ləyaqətli şəkildə yaşaya biləcəyi yaşayış sahələrinin təmin olunmasından gedir.
Fələstin hökumətinin rəhbəri bərpa və iqtisadi dirçəlişin başlanması üçün iki əsas şərti önə çəkib: keçid məntəqələrinin açılması və təhlükəsizliyin təmin olunması. O bildirib ki, keçidlərin açılmaması tikinti materiallarının Qəzzaya daxil olmasına imkan vermir, təhlükəsizlik olmadan isə nə bərpa, nə də iqtisadi fəaliyyət mümkündür.
Təhlükəsizlik məsələsinə toxunan Mustafa qeyd edib ki, mövcud vəziyyət müvəqqətidir və təxminən iki ildən sonra Qəzza sektorunun idarəçiliyi tam şəkildə Fələstin Administrasiyasına qaytarılmalıdır. O, bu çərçivədə təhlükəsizlik institutlarının, xüsusilə polis strukturlarının yenidən qurulmasının vacibliyini vurğulayıb və Misir, Avropa ölkələri və İordaniya ilə bu istiqamətdə əməkdaşlığın sürətləndirildiyini bildirib.
Baş nazir əlavə edib ki, mümkün beynəlxalq sülhməramlı qüvvə təhlükəsizliyin möhkəmləndirilməsinə və İsrail tərəfi ilə sülhün qorunmasına əlavə töhfə verə bilər.
Məhəmməd Mustafa Qəzza və İordan çayının qərb sahilində institutların vahid hüquqi və institusional çərçivədə fəaliyyət göstərməsinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, əsas məqsəd hər iki bölgənin birləşdirilməsi və nəticə etibarilə Fələstin dövlətinin qurulmasıdır. Bu prosesin Nyu-Yorkda keçirilən və Səudiyyə Ərəbistanı ilə Fransanın rəhbərlik etdiyi konfransda, eləcə də BMT Təhlükəsizlik Şurasının 2803 saylı qətnaməsində əksini tapdığını xatırladıb.
Köç təhlükəsinə münasibət bildirən Fələstin Baş naziri deyib ki, bu planların reallaşmamasına ümid edirlər, lakin bunun qarşısını almağın yeganə yolu bərpa, humanitar yardım, yaşayış və təhlükəsizlik tədbirlərinin vaxtında həyata keçirilməsidir. O xəbərdarlıq edib ki, bu şərtlər təmin olunmasa, insanlar çıxış yolu axtarmağa məcbur qalacaq ki, bu da İsrailin məqsədlərinə uyğundur.