BAKI,TurkicWorld, Orxan Qədirzadə
Livan hökuməti cümə günü ölkənin dənizdə yerləşən Block 8 sahəsində qaz kəşfiyyatı üzrə saziş imzalayacağını açıqlayıb.
TurkicWorld xəbər verir ki, LivanNazirlər Kabinetinin məlumatına görə, saziş QatarEnergy, TotalEnergies və İtaliyanın Eni şirkətlərindən ibarət konsorsiumla bağlanacaq. Razılaşma dənizdə yerləşən Block 8 sahəsində kəşfiyyat və potensial hasilat işlərini əhatə edəcək.
Xatırladaq ki, 2023-cü ildə Livan hökuməti Block 8 üzrə seysmik tədqiqatların aparılması üçün Bright Skies və GeoX şirkətlərinə lisenziya vermişdi.
Rəsmi Beyrut ümid edir ki, qaz və neft ehtiyatlarının aşkar edilməsi ölkənin dərin iqtisadi böhrandan çıxmasına töhfə verəcək. Son illərdə davam edən maliyyə böhranı nəticəsində milli valyuta dəyərinin 98 faizdən çoxunu itirib, valyuta ehtiyatları kəskin azalıb və ölkə üzrə genişmiqyaslı elektrik kəsintiləri baş verib.







