BAKI, TurkicWorld, Nailə Babazadə
Kamboca ilə Tailand arasında atəşkəsə baxmayaraq davam edən sərhəd toqquşmalarında həlak olan kambocalı mülki şəxslərin sayı 17-yə yüksəlib.
TurkicWorld xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyi 7–16 dekabr tarixləri arasında baş verən toqquşmalarla bağlı açıqlama yayıb. Açıqlamada bu müddətdə 17 Kamboca vətəndaşının həyatını itirdiyi bildirilib.
Məlumata əsasən, toqquşmalar nəticəsində 77 nəfər yaralanıb, 438 mindən çox insan isə yaşadığı əraziləri tərk etmək məcburiyyətində qalıb. Yerindən didərgin düşənlərin təxminən üçdə ikisinin qadınlar və uşaqlar olduğu qeyd olunub. Bildirilib ki, Tailandın hücumları mülki infrastruktura ciddi ziyan vurub.
Cənub-Şərqi Asiyada 817 kilometrlik ümumi sərhədə malik olan Tailand və Kamboca uzun illərdir ərazi mübahisəsi yaşayır. İlk ciddi toqquşmalar 2008-ci ildə Kambocanın mübahisəli ərazidə yerləşən XI əsrə aid məbədi UNESCO Dünya İrsi Siyahısına salmaq cəhdindən sonra baş verib.
Təkrarlanan qarşıdurmalardan sonra oktyabr ayında atəşkəs elan edilsə də, tərəflər 7 dekabrda yenidən başlayan döyüşlərə görə bir-birini ittiham ediblər. Son toqquşmalar zamanı hər iki ölkədən yüz minlərlə insan sərhəd bölgələrindən təxliyə olunub, ümumilikdə 30-dan çox şəxs həyatını itirib.
ABŞ Prezidenti Donald Tramp dekabrın 12-də Tailand və Kamboca liderləri ilə apardığı danışıqlardan sonra tərəflərin atəşkəsi qəbul etdiyini açıqlamışdı. Bununla belə, Tailandın baş naziri Anutin Çarnvirakul Trampın açıqlamasından sonra bildirib ki, Tailand öz ərazilərinə və əhalisinə təhlükə qalmadığına əmin olana qədər hərbi əməliyyatlarını davam etdirəcək.





