BAKI,TurkicWorld, Orxan Qədirzadə
Avropa Yayım İttifaqı (EBU) bu gün Cenevrədə təcili iclas keçirərək İsrailin gələn il “Avroviziya” musiqi müsabiqəsində iştirakını müzakirə edəcək. TurkicWorld xəbər verir ki, bir sıra ölkələrin Qəzza müharibəsinə görə İsraili boykot tələbi ilə çıxış etməsi, hətta müsabiqədən imtina edəcəklərini bildirməsi məsələni gündəmin əsas mövzularından birinə çevirib.
EBU üzvləri iclasda həmçinin hökumətlər və üçüncü tərəflər tərəfindən sənətçilərə qeyri-qanuni dəstəyin qarşısını almağa yönəlmiş yeni qaydaları müzakirə edəcək. Bu addım İsrailin builki iştirakçısına həddindən artıq dəstək göstərməsi ilə bağlı iddialardan sonra atılıb. İsrail iddialara rəsmi cavab verməsə də, özünə qarşı “qara piar kampaniyasının aparıldığını” bildirir.
Müsabiqə üzrə ekspert Pol Cordan vəziyyəti “Avroviziyanın dönüş nöqtəsi” kimi qiymətləndirərək, Sloveniya, İrlandiya, İspaniya və Niderlandın EBU-ya təzyiq etdiyini, İsrailin iştirakına icazə veriləcəyi halda yarışmanı boykot edəcəklərini bəyan etdiyini bildirib. Qeyd edək ki, 2026-cı ildə müsabiqə Avstriyada keçiriləcək.
Digər tərəfdən, Almaniyanın dövlət mədəniyyət naziri Volfram Vaymer, əksinə olaraq, "İsrail yarışmadan kənarlaşdırılarsa, Almaniya da iştirak etməməlidir” deyərək mövqeyini açıqlayıb.
Almaniyanın ARD telekanalı vəziyyəti şərh etməkdən imtina edib. Yarışmaya ev sahibliyi edəcək Avstriya isə İsrailin iştirakının tərəfdarı olduğunu bildirib.
