BMT Qəzza zolağı Susuzluq və aclıq İsrail və Qəzza münaqişəsi Qəzza humanitar böhranı Qəzzada aclıq və resurs çatışmazlığı

BMT Qəzzaya göndərilən yardımın talan edildiyini bildirib

BAKI, TurkicWorld

Qəzzaya göndərilən unun çoxu silahlı dəstələr və aclıqdan əziyyət çəkən insanlar tərəfindən ələ keçirilib.

TurkicWorld xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, İsrailin üç həftə əvvəl blokadanı qismən aradan qaldırmasına baxmayaraq, Qəzza zolağına az miqdarda un daxil olub və onun böyük hissəsi təyinat yerinə çatmadan talan edilib.

BMT sözçüsünün müavini Farhan Haq bildirib ki, Kerem Şalom keçid məntəqəsindən 4600 metrik ton buğda unu göndərilsə də, bunun böyük hissəsi aclıqdan əziyyət çəkən insanlar və bəzi hallarda silahlı qruplar tərəfindən ələ keçirilib. BMT agentliklərinin hesablamalarına görə, bölgədəki ehtiyacları qarşılamaq üçün gündəlik ən azı 8-10 min ton un tələb olunur.

Haq İsraili alternativ keçidlər və marşrutlar vasitəsilə daha çox yardımın Qəzzaya daxil olmasına icazə verməyə çağırıb.

Qeyd edək ki, Qəzza zolağında aclıq riski getdikcə artır. Son statistikalar azyaşlı uşaqlar arasında kəskin qida çatışmazlığının üç dəfə artdığını göstərir. BMT, İsrail və ABŞ tərəfindən dəstəklənən Humanitar Fondu vasitəsilə yardımın çatdırılmasına qarşı çıxaraq, bu fondun yardımı siyasiləşdirdiyini və məcburi köçləri təşviq etdiyini iddia edir.

Mövzuya görə xəbərlər