BAKI, TurkicWorld
Avropa İttifaqı 27 ölkə ilə iki dövlətli həllə dəstəyini rəsmi olaraq təsdiqləyib.
TurkicWorld xəbər verir ki, Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas Lüksemburqda keçirilən Aİ-Fələstin Administrasiyası Yüksək Səviyyəli Dialoq görüşündən sonra verdiyi bəyanatda 27 üzv ölkənin İsrail-Fələstin münaqişəsində iki dövlətli həll modelini dəstəklədiyini açıqlayıb.
Kallas mətbuat konfransında bildirib ki, Qəzzadakı ağır insan itkisi və dağıntılar səbəbilə Aİ Fələstin xalqı ilə həmrəy olduğunu ifadə edir və İsrailin humanitar yardımların qarşısını almasını pisləyir. O, həmçinin Şərqi Qüds və ətrafında məskunlaşma siyasətlərinə qarşı çıxdıqlarını və bu istiqamətdə əlavə məhdudlaşdırıcı tədbirlərin müzakirə olunduğunu da vurğulayıb.
Kallasın sözlərinə görə, bu münaqişənin hərbi həlli yoxdur və yalnız danışıqlarla əldə ediləcək iki dövlətli həll yolu bölgədə qalıcı sülhə zəmin yarada bilər. O, Aİ-nin Fələstinə 1,6 milyard avro məbləğində yeni maliyyə dəstək paketi təqdim etdiyini də elan edib.
Qeyd edək ki, Fələstinin Baş naziri Məhəmməd Mustafa çıxışında İsrailin Qəzzada 50 mindən çox fələstinlini qətlə yetirdiyini və bölgədə ciddi humanitar fəlakətin yaşandığını bildirib. O, İsrailin həm Qəzzada, həm də İordan çayının qərb sahilində beynəlxalq hüququ pozduğuna görə cavab verməli olduğunu deyib.
Aİ-nin Aralıq dənizi üzrə komissarı Dubravka Suica isə maliyyə dəstəyinin detalları barədə məlumat verib. 620 milyon avroluq ilk hissə Fələstin rəhbərliyinin islahat gündəmini dəstəkləyəcək, 576 milyon avro iqtisadi sabitliyə yönələcək, 82 milyon avro isə UNRWA-ya ayrılacaq. Bundan əlavə, Avropa İnvestisiya Bankı tərəfindən 400 milyon avroya qədər kredit xətti də özəl sektorun maliyyələşdirilməsi üçün ayrılacaq.