Son dəqiqə

Türkiyə Fələstin İsrail TİKA

İsrail Türkiyə-Fələstin Dostluq Xəstəxanasını dağıdıb

BAKI,TurkicWorld

Qəzzanın Səhiyyə Nazirliyi İsrailin Türkiyə-Fələstin Dostluq Xəstəxanasını qəsdən dağıtmasını sərt şəkildə pisləyib.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki , nazirlikdən verilən açıqlamada, İsrailin partlayıcı maddələrdən istifadə edərək xəstəxananı tamamilə məhv etməsinin, bölgədə səhiyyə sistemini qəsdən çökdürmək üçün həyata keçirilən sistemli məhvetmə siyasətinin bir hissəsi olduğu bildirilib.

Açıqlamada vurğulanıb ki, Qəzzada xərçəng xəstələrinin müalicəsi üçün yeganə ixtisaslaşmış xəstəxana olan Türkiyə-Fələstin Dostluq Xəstəxanası işğal zamanı İsrail ordusu tərəfindən hərbi baza kimi istifadə edilib. Daha sonra isə, İsrail ordusunun bölgədən çəkilməsi zamanı xəstəxana tamamilə dağıdılıb.

İsrail ordusu isə açıqlamasında, Fələstin-Türkiyə Dostluq Xəstəxanasının HƏMAS tərəfindən "hərbi məqsədlər üçün istifadə edildiyini" iddia edərək, burada yerləşdirilmiş partlayıcılarla obyektin tamamilə məhv edildiyini bildirib.

Məlumatlara görə, İsrail ordusu 2023-cü il oktyabrın 7-dən sonra baş verən quru işğalı zamanı xəstəxananı hərbi baza kimi istifadə edib. Xəstəxana, İsrail ordusunun işğalı altında olan Netzarim dəhlizində yerləşirdi və burada çox sayda İsrail hərbi texnikası və maşınları cəmlənmişdi.

Sosial mediada yayılan videolarda İsrail əsgərlərinin xəstəxananın içərisində tibbi ləvazimatları məhv etdiyi görüntülər geniş əks-səda doğurub və beynəlxalq ictimaiyyətin reaksiyasına səbəb olub.

Qeyd edək ki, Fələstin-Türkiyə Dostluq Xəstəxanası Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən 2011-2017-ci illərdə Qəzza zolağında inşa edilib. Ümumi sahəsi 33.400 kvadratmetr olan xəstəxana 8 blokdan, 4 əməliyyat otağından, reanimasiya şöbələrindən, laboratoriyalardan və 180 otaqdan ibarət idi.

Mövzuya görə xəbərlər