Son dəqiqə

Yaponiya meşə yanğınları

Yaponiyada meşə yanğın 600 hektar ərazi külə döndərib

Bakı, TurkicWorld

Yaponiyanın Ofunato şəhərində baş verən meşə yanğını nəticəsində ən azı 600 hektar ərazi külə dönüb, 84 tikili zədələnib.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki , polis hadisə yerində yanmış cəsədin tapıldığını və ölüm səbəbinin yanğınla əlaqəli olduğunu açıqlayıb.

Meşəlik ərazidə başlayan və hələ də davam edən yanğın bölgədə ciddi fəsadlara yol açıb. Rəsmi məlumatlara görə, 540 nəfər müvəqqəti təxliyə mərkəzlərinə yerləşdirilib.500-dən çox ev elektrik enerjisiz qalıb və bəzi qatar reysləri ləğv edilib.

Yaponiya Özünümüdafiə Qüvvələri (SDF) yanğınsöndürmə əməliyyatlarına dəstək verərək alovun söndürülməsinə çalışır.

Yaponiya Nazirlər Kabinetinin Baş Katibi Yoşimasa Hayaşi yanğın nəticəsində çox sayda infrastruktura zərər dəydiyini təsdiqləyib. O bildirib ki, hökumət bölgəyə lazımi yardımı göstərmək üçün yerli rəhbərliklə sıx əməkdaşlıq edir. Həmçinin, sakinlərə rəsmi evakuasiya xəbərdarlıqlarını izləmək və təhlükəsizlik tədbirləri görmək çağırışı edib.

Yanğının quru hava və güclü külək səbəbindən daha da genişlənə biləcəyi bildirilir. 2114 nəfərdən ibarət 873 təsərrüfat sakininə təxliyə xəbərdarlığı edilib.

Hazırda zərərin tam miqyasını müəyyənləşdirmək üçün qiymətləndirmə işləri davam edir.

Mövzuya görə xəbərlər