Son dəqiqə

Avropa İttifaqı Suriya sanksiya

Aİ Suriyaya qarşı sanksiyaları dayandırıb

Bakı, TurkicWorld

Avropa İttifaqı (Aİ) Suriyaya tətbiq etdiyi bankçılıq, enerji və nəqliyyat sektorlarına yönəlmiş sanksiyaları dayandırıb.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, Aİ Şurasının Brüsseldə keçirilən iclasında qəbul edilən qərara əsasən, bu addım Suriyada siyasi keçid, iqtisadi dirçəliş və sabitliyə dəstək məqsədi daşıyır.

Bəyanatda enerji, nəqliyyat və maliyyə sektorlarında məhdudiyyətlərin qaldırılacağı, Suriyadakı bəzi bankların və hava yollarının sanksiya siyahısından çıxarılacağı bildirilib. Həmçinin Aİ bankları ilə Suriya bankları arasında müəyyən əməliyyatlara icazə veriləcək.

Sanksiyalar humanitar yardımlara mane olmayacaq və şəxsi istifadə üçün dəbdəbəli malların Suriyaya ixracına qoyulan qadağa da ləğv ediləcək.

Bununla belə, Bəşər Əsəd rejiminə, kimyəvi silahların istifadəsinə və qeyri-qanuni ticarətə qarşı tətbiq edilən sanksiyalar qüvvədə qalacaq.

Qeyd edək ki, Aİ Suriyaya qarşı sanksiyaları ilk dəfə 2011-ci ildə vətəndaş müharibəsinin başlamasından sonra tətbiq etmişdi.

Mövzuya görə xəbərlər