Bakı, TurkicWorld
Çinin xarici işlər naziri Vanq Yi, İsrailə Qəzzada davam edən humanitar böhranı dərhal dayandırmaq çağırışı edib.
TurkicWorld AzerVoice -ə istinadən xəbər verir ki, o, zorakılığa zorakılıqla cavab vermənin yalnız daha böyük gərginlik yaradacağını və Yaxın Şərqdə davamlı sülh üçün iki dövlətli həll yolunun vacib olduğunu vurğulayıb.
Çin Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Vanq Yi Almaniyada keçirilən 61-ci Münhen Təhlükəsizlik Konfransı çərçivəsində İsrailin xarici işlər naziri Gideon Saar ilə görüşüb. Görüş zamanı Qəzzadakı humanitar vəziyyət, atəşkəs razılaşmasının tətbiqi və sülh prosesi müzakirə olunub.
Vanq Yi bildirib ki, Qəzzada yaşanan humanitar fəlakət ən qısa zamanda sona çatmalıdır və İsrail beynəlxalq hüquq çərçivəsində atəşkəs razılaşmasını təsirli şəkildə həyata keçirməlidir.
Çinli nazir vurğulayıb ki, şiddətə şiddətlə cavab vermək Yaxın Şərqdə təhlükəsizlik vəziyyətini daha da pisləşdirə bilər. O, bölgədə uzunmüddətli sülhün təmin olunması üçün Fələstin və İsrailin yanaşı sülh içində yaşaya biləcəyi iki dövlətli həll yolunun vacib olduğunu bildirib.
Vanq Yi həmçinin Çin və yəhudi xalqları arasındakı tarixi dostluğa toxunaraq, iki ölkənin 80 il əvvəl faşizmə qarşı birgə mübarizə apardığını xatırladıb.