Bakı, TurkicWorld
Almaniya hökuməti Suriyaya qarşı bəzi Avropa İttifaqı (Aİ) sanksiyalarının yumşaldılmasını dəstəkləyir.
TurkicWorld xəbər verir ki, Almaniyanın xarici işlər naziri Annalena Baerbok və Fransanın xarici işlər naziri Jan-Noel Barrot, Suriyanın yeni administrasiyasının rəhbəri Əhməd əl-Şara ilə Dəməşqdə 3 yanvar 2025-ci ildə görüş keçiriblər. Görüş zamanı Suriyada siyasi keçid prosesi və sanksiyaların yumşaldılması məsələləri müzakirə edilib.
Diplomatik mənbələrə görə, Almaniya hökuməti Suriyanın yeni hakimiyyət orqanları ilə maliyyə əməliyyatlarının asanlaşdırılması və xüsusilə xaricdəki suriyalı qaçqınlara aid olan vəsaitlərin transferi ilə bağlı bəzi sanksiyaların qaldırılmasını təklif edib.
Digər mümkün dəyişikliklər arasında enerji və hava nəqliyyatı sektorlarına tətbiq olunan bəzi sanksiyaların aradan qaldırılması da var.
Berlin məktubunda sanksiyaların yumşaldılması ilə Suriyada mülki əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına dəstək verilməsinin vacibliyi vurğulanıb.
Qeyd edək ki, Dekabrın 8-də Heyət Təhrir əş-Şam (HTŞ) başçılıq etdiyi müxalif qruplar Dəməşqə nəzarəti ələ keçirmişdi. Keçmiş prezident Bəşər Əsəd isə Suriyanı tərk edərək, Rusiyaya qaçmışdı.
Yeni administrasiya isə beynəlxalq ictimaiyyətdən Suriyaya qarşı sanksiyaların ləğvini tələb edir. Lakin ABŞ və Avropa ölkələri yeni hökumətin idarəçiliyə yanaşmasını izləmək niyyətindədirlər.