Bakı, TurkicWorld
Suriya İnsan Haqları Müşahidə Qrupu (SOHR) tərəfindən əldə edilən gizli sənəddə, Suriya Hava Yolları vasitəsilə Moskvaya külli miqdarda pul köçürmələri həyata keçirildiyi açıqlanıb.
TurkicWorld xəbər verir ki, SOHR direktoru Rami Əbdürrəhman bildirib ki, bu pulun qaçaqmalçılıq yolu ilə aparıldığı sonuncu uçuş Suriyanın devrilmiş lideri Bəşər Əsədin keçən dekabrın Moskvaya qaçmasından cəmi 4 gün əvvəl baş verib.
Bu əməliyyatlar , Captagon istehsalına qoyulan investisiyalarla əlaqələndirilir.
Sənəddə göstərilir ki, 2020-ci ilin sonlarından 2024-cü ilin ortalarına qədər həftədə bir dəfə həyata keçirilən uçuşlarda, hər biri 20 milyon dollar dəyərində olan pullarla dolu çantalar Vnukovo hava limanına göndərilib.
Belə ki, məxfi əməliyyat Hava Qüvvələri Kəşfiyyatının nəzarətində olub və pullar Suriya Mərkəzi Bankından qorunan avtomobillərlə daşınaraq təyyarələrə yüklənib.
Sənəddə əməliyyatın detallarına dair rəsmi kitablar və müxtəlif qeydlər də mövcuddur. Bu çantalar, ciddi təhlükəsizlik tədbirləri ilə daşıyılıb və heç bir əməkdaşın, sərnişinin bu əməliyyat haqqında məlumatı olmayıb.
Həmçinin, rejimin maliyyə işlərinə rəhbərlik edən Bəşər Əsədin əmisi Məhəmməd Maxluf, bu köçürmələrə nəzarət edərək, Moskvanın elit bölgələrində, o cümlədən “Moskva-Siti”də 20-dən çox bahalı mənzil alıb. Maxluf, rejimin maliyyə işlərini Moskvadan izləyir və yüksək təhlükəsizlik tədbirləri ilə mühafizə olunur.
Məlumatları adının açıqlanmasını istəməyən, ancaq birbaşa əlaqəsi olan şahidlərin bildirdiyini vurğulayan mənbə, Rusiya və Belarusda qurulan şirkətlərə küllü miqdarda çirkli pulların yatırıldığını, əmlak və mağazaların alındığını da bildirib.