Bakı,TurkicWorld
Almaniyanın Şimali Reyn-Vestfaliya (NRW) əyalətində 1,7 milyondan çox müsəlman əhalinin yaşadığı bir bölgədə, Müsəlmanlara Qarşı İrqçilik Hesabat Mərkəzi (MEDAR) istifadəyə veriləcək.
TurkicWorld xəbər verir ki bu mərkəz Almaniyada bir ilk olacaq və müsəlmanlara qarşı hücumlar, cinayətlər və irqçi hərəkətlərin qeydiyyatı ilə məşğul olacaq. Eyni zamanda, qeyri-müsəlman əcnəbilərə qarşı irqçiliklə bağlı da məlumatlar toplanacaq və araşdırılacaq.
MEDAR, NRW əyalət hökumətinin təşəbbüsü ilə yaradılıb və ən geci 2025-ci ilin mart və ya aprel ayında fəaliyyətə başlaması gözlənilir.
Əyalət, xüsusilə müsəlmanlara və onların ibadət yerlərinə qarşı hücumlarla diqqət mərkəzindədir. 2022-ci ildə İzerlohn şəhərində müsəlman məzarlarına edilən hücumda məzar daşları sındırılmış, yerlə-yeksan edilmişdi. Bu kimi hadisələrin qarşısının alınması və cinayətlərin araşdırılması MEDAR-ın əsas məqsədlərindən biridir.
NRW əyalətində antisemitizm hadisələrini qeydə almaq üçün 2022-ci ilin aprelində Antisemitizm Tədqiqat və İnformasiya Mərkəzi (RIAS NRW) yaradılıb. MEDAR-ın fəaliyyəti bu kimi mərkəzlərin iş təcrübələrindən də yararlanacaq.