BAKI,TurkicWorld
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanla Almaniya arasında ticarət əməliyyatlarının həcmi 1,298 milyard ABŞ dolları təşkil edib.
TurkicWorld bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 128,041 milyon ABŞ dolları və ya 9% azdır.
Hesabat dövründə Almaniya ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 2,91%-i həcmində olub. Bununla da sözügedən ölkə hesabat dövrü ərzində Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr sırasında 6-cı pillədə qərarlaşıb.
Cari ilin yanvar-noyabr aylarında Azərbaycandan Almaniyaya 543,7 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 138,6 milyon ABŞ dolları və ya 20,3% azdır.
Hesabat dövründə, Azərbaycandan Almaniyaya 502,019 milyon ABŞ dolları dəyərində 956,7 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstəricilər dəyər ifadəsində 132,4 milyon ABŞ dolları və ya 20,9%, həcm baxımından isə 45,5 min ton və yaxud 4,5% azdır.
Hesabat dövründə Almaniyadan Azərbaycana isə 754,7 milyon ABŞ dolları dəyərində ixrac əməliyyatları icra olunub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10,6 milyon ABŞ dolları və ya 1,4% artım deməkdir.
Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 44,589 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,480 milyard dollar və ya 3,4% çoxdur.
Xarici ticarət dövriyyəsinin 23,401 milyard ABŞ dolları ixracın, 21,188 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 937 milyon dolar və ya 3,8% azalıb, idxal isə 2,416 milyard dollar və ya 12,9% artıb.
Yekunda xarici ticarətdə 2,213 milyard dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 3,353 milyard dollar və ya 2,5 dəfə azdır.






