Son dəqiqə

Azərbaycan Əl-Cəzirə

Əl-Cəzirə Azərbaycanda Ramazan ənənəsindən yazdı - Azərbaycanda Ramazan ənənələri: Odlar yurdunun 10 milli təamı

BAKI,TurkicWorld

Qətərin dünya şöhrətli Əl-Cəzirə telekanalının rəsmi internet səhifəsində Azərbaycanda Ramazan ənənəsindən və təamlarından bəhs edən “Azərbaycanda Ramazan: Odlar yurdunun 10 milli təamı adlı məqalə dərc edib.

TurkicWorld oxucularına məqaləni qəqdim edir

Təxminən 70 il kommunist rejiminin tərkibində olmasına baxmayaraq, əhalisinin əksəriyyəti müsəlman olan "Odlar yurdu" Azərbaycan Ramazan ayını Şaban ayının ortalarından başlayan böyük hazırlıqlarla qarşılayır. Məscidlərin təmizlənməsi, küçələrin bəzədilməsi və xalq şənlikləri ilə başlayan bu hazırlıqlar ailələri "dolma" və "plov" kimi ənənəvi təamlarla zəngin iftar süfrələri ətrafında toplayır.

Müqəddəs ayın gəlişi ilə azərbaycanlılar sosial həmrəylik, sədəqə vermə və digər xeyriyyə əməllərində bir-biri ilə yarışırlar ki, bu da Azərbaycanda Ramazanı fərqli bir təcrübəyə çevirir. Ölkənin doqquz iqlim qurşağı şaftalı, nar, alma, əncir kimi təzə meyvələrlə, zəfəran və bibərlə süfrələri zənginləşdirir. Xəzər dənizi dəniz məhsulları, geniş düzənliklər isə ət və süd məhsulları ilə bu mətbəxi tamamlayır.

Ramazan süfrəsinin ən məşhur təamları

Azərbaycan mətbəxi yerli və orijinal dadların Türkiyə, Anadolu, İran və Şərqi Avropa mətbəxlərinin təsiri ilə zənginləşmiş bir qarışığını təqdim edir. Yeməklər adətən limonlu qara çay ilə başlayır və bitir.

Qəlyanaltılar və şorbalar

Düşbərə: Türk mənşəli olan bu xörək italyanların "tortellini"sinə bənzəyir. Azərbaycan versiyasında xəmir çox nazik açılır, kiçik kvadratlara bölünür və içərisi nanə, sarımsaq, soğanla dadlandırılmış qoyun əti ilə doldurulur.

Piti: Azərbaycanda 30-dan çox şorba növü olsa da, Piti öz xüsusi saxsı qabı ilə seçilir. Təxminən 9 saat ərzində vam odda bişən bu xörək qoyun əti, nohud, pomidor və şabalıddan ibarətdir, zəfəran və quru alça ilə dadlandırılır.

Qutab: Aypara şəklində qatlanan və sacda bişirilən nazik xəmir qatlarıdır. Ət, ispanaq və ya balqabaqla doldurulan qutablar həm ətsevərlər, həm də vegetarianlar üçün idealdır.

Ayran: Soyuq və duzlu qatıq içkisidir. Bəzən göyərti ilə dadlandırılan ayran susuzluğu yatırmaq və həzmi asanlaşdırmaq üçün mükəmməldir.

Əsas yeməklər

Plov: Azərbaycan mətbəxinin cəvahiri və qonaqpərvərliyin rəmzidir. Ramazanda adətən iftarın sonunda təqdim olunur. 40-dan çox növü olan plovun ən möhtəşəmi "Şah plov"dur. Əfsanəyə görə, bu yeməyin ixtirası Makedoniyalı İsgəndərlə bağlıdır.

Qovurma: Dana və ya qoyun ətinin qurudulub, duzlanıb, sonra öz yağında bişirilərək saxsı küplərdə saxlanılması ilə hazırlanan qədim təamdır. Bu üsul ətin qış aylarında istifadəsi üçün XV əsrdən bəri qorunub saxlanılır.

Kabab : Od üzərində bişirilən qoyun, dana və ya toyuq ətindən ibarət klassik Azərbaycan təamıdır. Bol təzə göyərti, soğan və çörəklə təqdim olunur.

Sürhüllü: Əllə hazırlanan xəmir qatlarının üzərində təzə və ya qurudulmuş qoyun ətinin təqdim edildiyi xüsusi yeməkdir. Sarımsaq və turş alça sousu ilə servis edilir.

Ləvəngi: Balıq və ya toyuğun içərisinin qoz, soğan, sumaq və narşərab qarışığı ilə doldurulması ilə hazırlanan, şirin-turş dadı ilə seçilən milli təamdır.

Dolma: 2017-ci ildə YUNESCO-nun Qeyri-maddi Mədəni İrs siyahısına daxil edilmiş klassik yeməkdir. Üzüm yarpağı, badımcan, pomidor və bibərin içərisi qiymə, düyü və göyərti ilə doldurulur.

Ramazan şirniyyatı

Şəkərbura: Aypara şəklində olan, içi üyüdülmüş fındıq/badam və şəkərlə doldurulan ənənəvi şirniyyatdır. Hər bir parça əl ilə "nağış" adlanan xüsusi naxışlarla bəzədilir.

Mövzuya görə xəbərlər