Son dəqiqə

Suriya

Seçkilər 4 il sonra keçirilə bilər - Suriyanın yeni lideri

Bakı, TurkicWorld

Suriyanın yeni lideri Əhməd əl-Şəra ölkənin siyasi keçid dövrü ilə bağlı mühüm açıqlamalar verib.

TurkicWorld xəbər verir ki, o, seçkilərin və yeni konstitusiya yazılmasının ən azı dörd il çəkəcəyini bildirib. Şəra bu müddətin ölkədə dayanıqlı həllər tapmaq və sabitlik yaratmaq üçün lazım olduğunu vurğulayıb.

Şəra Milli Dialoq Konfransının cəmiyyətin bütün komponentlərini bir araya gətirəcəyini və bu çərçivədə "Həyat Təhrir əş-Şam"ın ləğv olunacağını açıqlayıb. Yeni konstitusiyanın hazırlanmasının üç il, seçkilərin isə dörd il ərzində baş tutacağı gözlənilir. Şəra əlavə edib ki, hazırkı mərhələ daha uzunmüddətli müvəqqəti hökumətin əsasını təşkil edəcək.

Suriyanın şimal-şərqindəki böhranın həlli üçün Suriya Demokratik Qüvvələri (SDQ) ilə dialoqun davam etdiyini qeyd edən Şəra, Kürdlərin Suriyanın ayrılmaz bir hissəsi olduğunu bildirib. O, ölkənin bölünməsinin və ya federalizmin gündəmdə olmadığını vurğulayıb.

Şəra Səudiyyə Ərəbistanının Suriyanın gələcəyində mühüm rola malik olduğunu və Riyadın bu mövzuda verdiyi son açıqlamaların çox müsbət olduğunu qeyd edib.

Sahədə vəziyyət isə gərgin olaraq qalır. Suriyanın şimal və şimal-şərqində, SDQ-nin nəzarətində olan bölgələrdə Türkiyəyönlü Suriya Milli Ordusu (SNA) ilə SDQ arasında toqquşmalar davam edir. Xüsusilə Həsəkə çölündə Əbu Rasin və Tel Tamerdə şiddətli qarşıdurmalar yaşanıb.

Mövzuya görə xəbərlər