Bakı,TurkicWorld
Avstraliyanın Viktoriya əyalətində 8 gündür davam edən meşə yanğını nəticəsində 66 min hektar ərazi külə dönüb.
TurkicWorld xəbər verir ki, Dekabrın 18-də Qrampians Milli Parkında başlayan yanğın hələ də nəzarət altına alınmayıb.
Həddindən artıq isti hava və külək yanğının genişlənməsinə səbəb olub. İndiyədək parkın üçdə biri, yəni 66 min hektar ərazi yanıb.
Yanğınlarla mübarizə aparmaq üçün Avstraliyanın müxtəlif ştatlarından 100-dən çox yanğınsöndürən Viktoriyaya göndərilib. Səlahiyyətlilər, yanğının təsir etdiyi bölgələrdəki vətəndaşlardan dərhal ərazini tərk etmələrini istəyib və təxliyə edilənlər üçün Ararat, Dunkeld, Stawell və Hamilton şəhərlərində yardım mərkəzləri qurulub.
Yanğının yaxınlıqdakı Moyston və Mafeking şəhərlərinə təsir edə biləcəyi və əlaqə qüllələrinin zədələnə biləcəyi xəbərdarlığı verilib. Bu vəziyyətin həm mobil telefon, həm də Milli Genişzolaqlı Şəbəkə xidmətlərinə təsir edə biləcəyi bildirilib. Viktoriya sakinlərinə cib telefonlarını və şarj cihazlarını özləri ilə götürmələri tövsiyə olunur.