Bakı, TurkicWorld
Fransa Bəşər Əsəd rejiminin süqutundan sonra Suriyaya diplomatik nümayəndə heyəti göndərəcəyini bəyan edib.
TurkicWorld xəbər verir ki, Fransa Xarici İşlər Nazirliyinin verdiyi açıqlamada, ölkənin Suriya ilə “sülh və keçid” prosesinə dəstək məqsədilə bu addımı atdığı və diplomatik nümayəndə heyətinin sabah Dəməşqə yola düşəcəyi qeyd edilib.
Fransanın Xarici İşlər Naziri Jan-Noel Barrot isə bildirib ki, bu səfər 12 ildən sonra Suriyaya edilən ilk diplomatik ziyarət olacaq. Barrotun sözlərinə görə, nümayəndə heyəti yeni hakimiyyətlə ilkin təmas quracaq, Suriyadakı humanitar ehtiyacları, siyasi və təhlükəsizlik vəziyyətini araşdıracaq.
Qeyd edək ki, Suriya daxilində dekabr ayında vəziyyət dəyişərək, rejim əleyhinə qruplaşmalarla Əsəd qüvvələri arasında şiddətli toqquşmalar baş verib. Noyabrın 30-dan etibarən isə müxalifət qüvvələri Hələb, İdlib, Həma və Homs kimi əsas əyalətlərdə üstünlük qazanıb.
Dekabrın 7-də paytaxt Dəməşqə daxil olan müxalifət qrupları geniş kütlələrin dəstəyini alıb, nəticədə rejim paytaxt və digər bölgələrdə tam nəzarəti itirib. Baas Partiyasının 61 illik hakimiyyəti sona çatıb və Əsəd paytaxtdan qaçıb.
Bundan əlavə, Suriya Milli Ordusu “Azadlıq Şəfəqi” əməliyyatını həyata keçirərək Tel Rıfat və Mənbic bölgələrini PKK/YPG qüvvələrindən azad edib. Bu əməliyyat nəticəsində Fərat çayının qərbindəki ən böyük terror mərkəzlərindən biri nəzarət altına alınıb.