Son dəqiqə

İsrail Binyamin Netanyahu

Netanyahu hakim qarşısına çıxarılıb

Bakı, TurkicWorld

Vəzifədə olan ilk İsrail baş naziri olaraq mühakimə olunan Binyamin Netanyahu, haqqında irəli sürülmüş üç ayrı korrupsiya işi ilə bağlı Təl-Əviv Rayon Məhkəməsində ifadə vermək üçün hakim qarşısına çıxıb.

TurkicWorld xəbər verir ki, erkən təxirə salınma tələbini təmin edə bilməyən Netanyahu, məhkəmə prosesi zamanı onu dəstəkləmək üçün gələn bir çox deputat və nazirlə birlikdə məhkəmə binasına daxil olub.

Məhkəmə binasının önündə Netanyahu tərəfdarları və əleyhdarları arasında ayrı-ayrılıqda keçirilən etiraz aksiyaları keçirilib.

Etirazçılar arasında Qəzzada girov götürülmüş israillilərin yaxınları da yer alıb. Onlar baş nazirin məsuliyyət daşıdığını vurğulayan pankartlarla etirazlarını ifadə ediblər.

Qeyd edək ki, 2019-cu ildə İsrail Baş Prokuroru Netanyahuya qarşı “rüşvət, etimad pozuntusu və şəxsi məqsədlər üçün vəzifədən sui-istifadə” kimi ittihamlarla üç ayrı korrupsiya işi üzrə məhkəmə prosesi başladıb.

İttihamlardan biri, “Bezeq” telekommunikasiya şirkətinə maliyyə imtiyazları müqabilində Netanyahu ailəsinin xeyrinə xəbərlər yayımlanması ilə bağlıdır.

Başqa bir işdə Netanyahu, Holivud prodüseri və milyarderlərdən yüksək məbləğdə dəyərli hədiyyələr qəbul etməkdə günahlandırılır. Hədiyyələrin siyasi üstünlük qarşılığında verildiyi iddia edilir.

Əgər Netanyahu günahkar bilinərsə, onu 10 ilədək həbs cəzası gözləyir. Baş nazir isə bütün iddiaları rədd edərək, günahsız olduğunu israrla bildirib.

Mövzuya görə xəbərlər