Bakı, TurkicWorld
OpenAI və yüksək texnologiyalı müdafiə startapı Anduril Industries ABŞ ordusu üçün süni intellekt texnologiyaları hazırlamaq məqsədilə əməkdaşlığa başlayacaq.
TurkicWorld xəbər verir ki, şirkətlərin ortaq bəyanatında bildirilib ki, bu əməkdaşlıq Birləşmiş Ştatlar və müttəfiq qüvvələrin qarşılaşdığı hava təhdidlərinə - pilotsuz sistemlər və köhnə idarə olunan platformalar vasitəsilə təxribatlara qarşı cavab vermək imkanlarını artıracaq.
Anduril və OpenAI əməkdaşlığı pilotsuz uçuş aparatlarına qarşı sistemlərin (CUAS) inkişafına yönəlib. Bu sistemlər real vaxt rejimində təhlükələri aşkar edəcək, qiymətləndirəcək və cavab tədbirləri görəcək. Şirkətlər bu addımı süni intellekt yarışında Çinlə rəqabət aparmaq üçün strateji üstünlük olaraq xarakterizə ediblər.
OpenAI əvvəllər texnologiyasının hərbi istifadəsini qadağan etmiəsinə baxmayaraq, yanvar ayında qaydalarını dəyişərək bəzi əməkdaşlıqlara icazə verib. Şirkət bildirib ki, Anduril ilə hazırlanan texnologiya yalnız müdafiə məqsədli tətbiqlərdə istifadə olunacaq və demokratik dəyərlərə sadiqliyi təmin etmək üçün nəzarət ediləcək.
Qeyd edək ki, Anduril pilotsuz təyyarələr, hərbi proqram təminatı və yaxınlaşan dronları aşkarlayan sensor qüllələr istehsalı ilə tanınır. Onun həmtəsisçisi Palmer Lucky texnologiya dünyasında ABŞ-ın mühafizəkar siyasətinə yaxınlığı ilə seçilir.
ABŞ-ın Pentaqon ilə əməkdaşlığı Silikon Vadisi şirkətləri üçün uzun müddətdir mübahisəli mövzu olub. 2018-ci ildə Google-un Project Maven proqramına dəstəyi işçilərin etirazları nəticəsində dayandırılıb. Lakin süni intellekt texnologiyaları bu tarazlığı dəyişib.
OpenAI rəqibi Anthropic də bu yaxınlarda ABŞ Müdafiə Nazirliyinə süni intellekt alqoritmləri təqdim etmək üçün Amazon və Palantir ilə əməkdaşlıq edəcəyini açıqlayıb.