Bakı, TurkicWorld
İran Rusiya ilə iqtisadi və başqa sahələrdə əldə olunan razılaşmaları imzalamağa hazırdır.
TurkicWorld-in məlumatına görə, bunu Rusiyanın Kazan şəhərində BRICS sammiti çərçivəsində İran prezidenti Məsud Pezeşkian Rusiya prezidenti Vladimir Putinlə görüşdə deyib.
Onun sözlərinə görə, İran və Rusiya arasında münasibətlər strateji münasibətlərdir. Bu münasibətlər həm İran, həm də Rusiya üçün önəmlidir.
İran prezidenti qeyd edib ki, İran və Rusiya BRICS çərçivəsində konstruktiv şəkildə əməkdaşlıq edə və ABŞ-nin tətbiq etdiyi sanksiyaları zərərsizləşdirə bilərlər.
Pezeşkian İranın BRICS-ə daimi üzvlüyü, Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyü və digər dəstəklərinə görə Rusiyaya təşəkkürünü bildirib.
Görüşdə Rusiya prezidenti Vladimir Putin də bildirib ki, İranla Rusiyanın əməkdaşlığı çoxşaxəlidir. Bu əməkdaşlığa İranda dəmiryollarının tikintisi, Buşehr Atom Elektrik Stansiyasının 2-ci və 3-cü bloklarının tikintisini misal göstərmək olar.
Qeyd edək ki, BRİCS 2006-cı ildə yaradılmış hökumətlərarası təşkilatdır. Rusiya 2024-cü il yanvarın 1-dən BRİCS-ə sədrliyi qəbul edib. Hazırda Rusiya, Braziliya, Hindistan, Çin və Cənubi Afrikadan başqa, Misir, Efiopiya, İran, BƏƏ və Səudiyyə Ərəbistanı da təşkilatın üzvüdür.