Bakı, TurkicWorld
Qırğızıstan administrasiyasının Talibanı ölkədə qadağan olunmuş təşkilatlar siyahısından rəsmən çıxardığı bildirilib.
TurkicWorld xəbər verir ki, Əfqanıstan İslam Əmirliyinin Xarici İşlər Nazirliyi Qırğızıstan tərəfindən İslam Əmirliyinin adının qadağan olunmuş qruplar siyahısından çıxarılmasını alqışlayıb.
Xarici İşlər Nazirliyinin sözçüsü Abdulqahhar Bəlxi Qırğızıstanın qərarı ilə bağlı verdiyi açıqlamada, “Əfqanıstan İslam Əmirliyinin Xarici İşlər Nazirliyi Qırğızıstan Respublikasının əvvəllər Əfqanıstan İslam Əmirliyi ilə əlaqəli olan Taliban Hərəkatının adının qadağan olunmuş qruplar siyahısından çıxarılması barədə qərarını yüksək qiymətləndirir və alqışlayır. Qırğızıstanın digər ölkələrin qərarlarına uyğun olaraq atdığı bu addım Əfqanıstan İslam Əmirliyinin istər regional, istərsə də beynəlxalq aləmdə artan siyasi legitimliyinə dəlalət edir və Əfqanıstan İslam Əmirliyi ilə digər ölkələr arasında ikitərəfli münasibətlərin möhkəmlənməsi qarşısındakı maneəni aradan qaldırır", -deyə qeyd edib.
Bu qərardan sonra Qırğızıstanla Əfqanıstan arasında münasibətlərin yaxşılaşacağı gözlənilir.
Əfqan politoloqu Vahid Fakiri də sözügedən qərarın iki ölkə münasibətləri baxımından müsbət addım olduğunu vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl Qazaxıstan da Talibanı “qadağan olunmuş təşkilatlar” siyahısından çıxarmışdı.