Bakı, TurkicWorld
Meksika Prezidenti Andres Manuel Lopez Obrador, ABŞ və Kanada səfirlərinin ölkənin daxili işlərinə müdaxilə kimi qəbul etdiyi bəyanatlar verdiklərini əsas gətirərək, onlarla əlaqələri dayandırdığını açıqlayıb.
TurkicWorld xəbər verir ki, bu barədə Obrador Meksikada keçirdiyi mətbuat konfransında məlumat verib.
Obrador, heç bir ölkənin daxili işlərinə qarışmadıqlarını vurğulayaraq, "ABŞ səfiri Ken Salazar ilə əlaqələrimiz yaxşıdır, lakin hazırda dayandırılıb. Biz tələsməyəcəyik. Meksikanın suverenliyinə hörmət etməyi öyrənməlidirlər. Çünki biz də onlara nəyin doğru, nəyin yanlış olduğunu söyləməyəcəyik. Qarşılıqlı hörmət və anlayış gözləyirik," - deyə açıqlayıb.
Meksika Prezidenti, ABŞ və Kanada səfirləri ilə dayandırılan əlaqələrin mərkəzi hökumətlərlə heç bir əlaqəsi olmadığını, hər iki səfirin Meksikanın müstəqilliyinə lazımi hörməti göstərdiyi təqdirdə, münasibətlərin əvvəlki kimi davam edəcəyini əlavə edib.
Xatırladaq ki, ABŞ və Kanada səfirlikləri, Obradorun təklif etdiyi məhkəmə islahatlarını tənqid ediblər. ABŞ səfiri Salazar, hakimlərin xalq tərəfindən seçilməsini nəzərdə tutan islahatın "Meksika demokratiyasının işləməsi üçün böyük risk" daşıdığını bildirmişdi.
Prezident Obradorun təklif etdiyi məhkəmə islahatı, hakimlərin ümumxalq səsverməsi yolu ilə seçilməsini və namizədlərin Konqres və məhkəmə sistemi tərəfindən irəli sürülməsini nəzərdə tutur. Lakin, analitiklər, hakimlər və beynəlxalq müşahidəçilər bu islahatın məhkəmələri daha az təcrübəli və siyasi qərəzli hakimlərlə dolduracağından narahatdırlar.