Bakı, TurkicWorld
Vaşinqton Ermənistanda təhlükəsizlik sahəsi idarəetməsinin təkmilləşdirilməsinə nail olmaq üçün Cənubi Qafqazın bu ölkəsini dəstəkləmək niyyətindədir.
TurkicWorld erməni KİV-ə istinadən xəbər verir ki, ABŞ-nin Ermənistandakı səfirliyi bu açıqlamanı dövlət katibinin müavini Uzra Zeyanın 18 iyul tarixində Amerika ordusunun təmsilçisinin Ermənistanın Müdafiə Nazirliyində xidmət edəcəyi ilə bağlı bəyanatını şərh edərkən verib.
Ermənistanın Müdafiə Nazirliyi (MN) isə Zeyanın bəyanatını bu ölkənin "silahlı qüvvələrinin islahatı çərçivəsində ABŞ və digər beynəlxalq tərəfdaşları tərəfindən uzunmüddətli və qısa müddətli məşvərət dəstəyinin alınması" kimi səciyyələndirib.
Ermənistan MN bu məsələnin digər təfərrüatına aydınlıq gətirməyib və Amerika tərəfinin müvafiq açıqlaması ilə kifayətlənib.
Qeyd edək ki, Uzra Zeya amerikalı hərbçinin Ermənistan ordusunda xidmət edəcəyini "Ermənistan-ABŞ münasibətlərində yeni strateji tərəfdaşlıq mərhələsinə keçiddə tarixi fakt" adlandırıb.