Bakı, TurkicWorld
İranda son illərin ən isti günləri səbəbiylə dünən ölkə daxilində elektrik istifadəsi rekord həddə çatıb.
TurkicWorld məlumat verir ki, bu barədə elektrik enerjisi paylama şirkəti Tevanirin baş direktoru Mustafa Recebi Meşhedi İran dövlət televiziyasına açıqlama verib.
İranda isti hava səbəbi ilə dünən ölkə daxilində elektrik enerjisindən istifadə 79 min 189 meqavata olmaqla rekord həddə çatıb. İran elektrik paylama şirkəti isə mövcud tələbi qarşılaya bilmədiklərini deyib. Bu səbəbdən iyulun 27-də paytaxt Tehranda dövlət və özəl sektorlar üçün tətil edilməsi təklif olunub.
Meşhedi bildirib ki, son günlər ölkə üzrə orta temperatur ötən ilin eyni dövrü ilə müqayisədə 2 dərəcə artıb, bu isə elektrik enerjisi istifadəsində həddindən artıq yüklənməyə səbəb olub.
Bir neçə gün ərzində Tehranda temperaturun artacağına dair meteoroloji məlumatlara diqqət çəkən Meşhedi, elektriklə bağlı problem yaşanmaması üçün xalqı qənaət etməyə çağırıb. “Elektrik tələbatını qarşılaya bilməyəcəyimiz vəziyyət yaranarsa, şənbə günü Tehranda tətil elan edilməsini istəyəcəyik. Dövlət İdarələri ilə yanaşı, banklarda və özək sektorda da tətil edilməsi elektrik enerjisi istifadəsinin azalmasında daha effektiv olacaqdır" deyə o bildirib.
Qeyd edək ki, ölkənin cənubundakı bəzi rayonlarda havanın temperaturu 50 dərəcəyə çatsa da, meteoroloji proqnozlara görə, bu gün 40 dərəcəyə çatan temperaturun şənbə günü 42 dərəcəni keçməsi gözlənilir.