Bakı.TurkicWorld :
Avropa İttifaqı Macarıstanın Ukraynanın Aİ-yə qoşulması ilə bağlı danışıqlar prosesinin başlanması üçün irəli sürdüyü şərti qəbul edib.
TurkicWorld xəbər verir ki, bu barədə ölkənin xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto məlumat verib.
"Son günlər Ukraynanın Aİ-yə daxil olması üzrə danışıqların hansı şərtlər əsasında başlamasına dair qızğın müzakirələr gedir", - deyə Macarıstan xarici siyasət idarəsinin rəhbəri xatırladıb.
O qeyd edib ki, Brüsseldə razılıq əldə olunub və Macarıstanın şərti Ukrayna ilə danışıqların çərçivə sənədinə daxil edilib.
Nazir əlavə edib ki, ölkə hökuməti uzun müddətdir Ukrayna hakimiyyətindən Zakarpatiyadakı macar azlığının hüquqlarının qaytarılmasını tələb edir.
Bir gün əvvəl məlum olmuşdu ki, Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqların başlanmasının tarixi müəyyənləşib. Bundan əvvəl məlumat verilmişdi ki, Brüssel Macarıstan Avropa İttifaqına sədr olana qədər, iyulun 1-dək Ukrayna ilə üzvlüklə bağlı danışıqları sürətləndirmək niyyətindədir.