Bakı. TurkicWorld :
Misir Prezidenti Əbdülfəttah Əs-Sisi Qahirədə ABŞ-ın xarici siyasət idarəsinin başçısı Antoni Blinkenlə keçirdiyi görüşdə İsrail-HƏMAS müharibəsinin dayandırılmasının zəruriliyini vurğulayıb. O əlavə edib ki, bu münaqişənin bütün Yaxın Şərq regionuna yayılmasının qarşısı alınmalıdır.
TurkicWorld xarici KİV-ə istinadən xəbər verir ki, Misir Prezidenti iyunun 10-da Qahirədə keçirilən görüşdə Qəzza zolağına humanitar yardımın çatdırılmasına mane olan bütün maneələri aradan qaldırmağa çağırıb.
O, həmçinin, İsrail-Fələstin münaqişəsinin "iki dövlət" həll yolunun həyata keçirilməsi istiqamətində konkret irəliləyiş əldə etməyin vacibliyini vurğulayıb.
Misir Baş Kəşfiyyat Xidmətinin rəhbəri Abbas Kamelin də iştirak etdiyi görüşdə hər iki tərəf Qəzza zolağında atəşkəsə nail olmaq, əsir və məhbusların mübadiləsi üçün birgə səyləri gücləndirmək barədə razılığa gəliblər. Onlar, həmçinin, Qəzza sakinlərinə humanitar yardımın çatdırılmasını təmin etmək üçün Misirin səylərini vurğulayıblar.
Bundan əlavə, Əs-Sisi və ABŞ-ın yüksək səviyyəli diplomatı iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmliyini, habelə müxtəlif mövzular və məsələlər üzrə koordinasiyanı davam etdirmək niyyətində olduqlarını təsdiq ediblər.
Blinken, öz növbəsində, ABŞ-ın regionda təhlükəsizliyin və sülhün bərpası üçün iki ölkə arasında birgə işi və koordinasiyanı davam etdirməkdə maraqlı olduğunu bildirib.
ABŞ-ın dövlət katibi Prezident Co Baydenin irəli sürdüyü yeni atəşkəs təklifini irəli sürmək məqsədi daşıyan növbəti Yaxın Şərq turunun başlanğıcında Qahirəyə gəlib. Bu, Blinkenin İsrailin Qəzzada müharibəsinin başlamasından bəri səkkizinci səfəridir.