Son dəqiqə

Türkiyə Heydər Əliyev Diasporla İş üzrə Dövlət Komitəsi Gürcüstan Misir İzmir Pərviz Məmmədzadə Əl-Qanatır Əl-Xeyriyyə Rustavi Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) İzmir Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi

Müxtəlif ölkələrdə Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

BAKI, TurkicWorld

Türkiyənin İzmir, Misirin Əl-Qanatır Əl-Xeyriyyə və Gürcüstanın Rustavi şəhərlərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi anılıb.

Bu barədə TurkicWorld-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) ilə İzmir Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin təşkilatçılığı, Karşıyaka Bələdiyyəsinin dəstəyi ilə baş tutan anım tədbirindən əvvəl İzmir şəhərindəki parkda Ulu Öndərin büstü önünə gül çələngi qoyulub. Tədbir hər iki ölkənin Dövlət himnləri səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

TADEF sədrinin müşaviri Pərviz Məmmədzadə açılış nitqində Ulu Öndər Heydər Əliyevin dahi siyasətçi və güclü dövlət xadimi olduğunu qeyd edib, müasir və müstəqil Azərbaycanın əsaslarının onun rəhbərliyi ilə qoyulduğunu vurğulayıb. İzmir Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi sədri Eşref Tuna, Bilkent Universitetinin müəllimi və Türkiyənin Azərbaycanlı Alimlər Dərnəyinin sədri, professor Əmirullah Məmmədov, Dokuz Eylül Universitetinin müəllimi, professor Gülmira Kuroğlu, Manisa Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Qaffar Hangül çıxışlarında Ümummilli Liderin bütün türk dünyası üçün yol göstərən rəhbər olduğunu söyləyib, onun uzaqgörən siyasətindən danışıblar. Dahi Heydər Əliyevin siyasi mirası və Türk dünyasına qoyduğu dəyərli töhfələr diqqətə çatdırılıb. Professor İsgəndər Əsgərov və tədbirin aparıcısı Roza İbadova Kocamaz Ulu Öndər Heydər Əliyevin sevdiyi Azərbaycan şeirlərini və mahnılarını səsləndiriblər. Tədbirin sonunda "Heydər Əliyev və Azərbaycan diasporu" sənədli filmi nümayiş olunub.

Misirin Qalubiyyə vilayətinin Əl-Qanatır Əl-Xeyriyyə şəhərindəki Misir-Azərbaycan Dostluq Parkında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Qalubiyyə vilayətinin qubernatoru Əymən Atiyyə, Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov, Misirdəki Azərbaycan icmasının rəhbəri Seymur Nəsirov, eləcə də Əl-Qanatır Əl-Xeyriyyə şəhərinin meri Əbduləzim Səid, Azərbaycan icmasının üzvləri və yerli mətbuat nümayəndələri iştirak ediblər. Ulu Öndərin əziz xatirəsinə ehtiram əlaməti olaraq heykəli önünə Qalubiyyə vilayətinin qubernatorluğu, Azərbaycan Səfirliyi və Azərbaycan icması adından əklillər qoyulub, gül dəstələri düzülüb. Sonra Misir-Azərbaycan Dostluq Parkında yerləşən kitabxanada Heydər Əliyevə və Azərbaycana həsr edilən materiallarla tanışlıq olub. Səfir Elxan Poluxov Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında danışıb, Misir-Azərbaycan Dostluq Parkındakı abidənin iki dövlət arasında dostluq münasibətlərinin şahidi olduğunu qeyd edib. O, Qalubiyyə qubernatorluğunun bu heykəlin qorunub saxlanmasında göstərdiyi səyləri yüksək qiymətləndirib. Qalubiyyə vilayətinin qubernatoru Əymən Atiyyə ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu, əlaqələrin inkişafında Heydər Əliyevin xüsusi rol oynadığını bildirib. Buna görə də onun Misirdə həmişə xoş xatirələrlə yad edildiyini vurğulayıb. O, Dostluq Parkında Azərbaycan mədəniyyətinin tanıdılmasına xidmət edəcək müxtəlif tədbirlərin təşkilinə dəstək verməyə hazır olduğunu diqqətə çatdırıb. Tədbir bir çox yerli mətbuat orqanlarında geniş işıqlandırılıb.

Rustavidə fəaliyyət göstərən Gürcüstan Azərbaycanlılarının Təhsil və Mədəniyyət Mərkəzinin müəllim və şagirdləri həmin şəhərdə yerləşən Heydər Əliyev parkında Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar. Mərkəzin rəhbəri Raida Dərziyeva Ümummilli Liderin həyat və fəaliyyəti haqqında gənclərə ətraflı məlumat verib, Heydər Əliyevin ömrünü Azərbaycan xalqına, dövlətçiliyinə və müstəqilliyinə həsr etdiyini deyib. Onun yürütdüyü müdrik və uzaqgörən siyasət nəticəsində Azərbaycanla Gürcüstan arasındakı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu, orada yaşayan soydaşlarımıza diqqət və qayğının artdığını söyləyib. Prezident İlham Əliyevin Azərbaycan və Gürcüstan arasındakı dostluq və strateji tərəfdaşlıq münasibətlərini bu gün də uğurla davam etdirdiyini bildirib. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müasir dünya tarixinə parlaq və silinməz iz qoyan böyük şəxsiyyət, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşdüyünü diqqətə çatdırıb.

Mövzuya görə xəbərlər