Son dəqiqə

Macarıstan Peter Siyarto

Macarıstanın prioriteti enerji təchizatı məsələlərində ideoloji yanaşmadan xilas olmaqdır - Peter Siyarto

Bakı. TurkicWorld:

Macarıstanın prioriteti enerji təchizatı məsələlərində ideoloji yanaşmadan və siyasi debatlardan xilas olmaqdır.

TurkicWorld xəbər verir ki, bu barədə bu gün Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto 29-cu Bakı Enerji Forumu çərçivəsində "Enerji təhlükəsizliyinin və dayanıqlılığın təmin olunması üçün beynəlxalq əməkdaşlıq" mövzusunda panel müzakirəsində deyib.

"Əfsuslar olsun ki, enerji təchizatı təhlükəsizliyinin beynəlxalq siyasi münaqişələrə necə cəlb olunduğunu müşahidə edirik. İdeoloji mübahisələr problemi qəlizləşdirir. Prioritetlərdən danışarkən bizim əsas məqsədimiz enerji təchizatı məsələlərində ideoloji yanaşmadan və siyasi mübahisələrdən qurtulmaqdır. Gəlin sağlam düşüncəyə müraciət edək və enerji təchizatını fəlsəfi-ideoloji deyil, fiziki-riyazi məsələ olaraq nəzərdən keçirək", - o deyib.

P.Siyarto qeyd edib ki, söhbət təhlükəsiz enerji tədarüklərinə dair təminatlardan getdikdə Macarıstan ədalətli və yaxşı düşünülmüş siyasətin tərəfdarıdır.

"Söhbət enerji tədarüklərimizdən getdikdə istənilən ideologiya və müdaxilənin qəti surətdə əleyhinəyik. Ölkəmizə təhlükəsiz enerji tədarüklərinin təmin olunması birinci dərəcəli əhəmiyyət kəsb edən məsələdir. Dünyadakı mürəkkəb şəraitdə dayanıqlı və təhlükəsiz enerji tədarüklərini təmin etmək üçün nüvə enerjisinin mənfi diskriminasiyasından qurtulmalıyıq", - deyə o əlavə edib.

Mövzuya görə xəbərlər