Aİ Qəzzada yardım işçilərinin öldürülməsini pisləyib

Aİ Qəzzada yardım işçilərinin öldürülməsini pisləyib

Bakı. TurkicWorld:

Avropa İttifaqı (Aİ) Qəzzaya humanitar yardım edən ABŞ-da yerləşən beynəlxalq yardım təşkilatı World Central Kitchen (WCK) işçilərinin İsrailin hücumu zamanı öldürülməsini pisləyib.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell və Aİ Komissiyasının böhranların idarə edilməsi və humanitar yardımdan məsul üzvü Janez Lenarcic bununla bağlı X sosial media hesabında paylaşım edib.

"Mülki vətəndaşların və humanitar işçilərin müdafiəsi ilə bağlı bütün tələblərə baxmayaraq, İsrail onları hədəf almağa davam edir",- deyə Borrell vurğulayıb.

Lenarcic isə humanitar yardım işçilərinin hədəf alınmasını pisləyərək dərhal atəşkəs çağırışı edib.

Qeyd edək ki, World Central Kitchen (WCK) xeyriyyə komandası yeddi üzvünün İsrailin Qəzzaya hücumu nəticəsində həlak olduğunu təsdiqləyib. Həlak olan yeddi yardım işçisi Avstraliya, Fələstin, Polşa, Böyük Britaniya, həmçinin ABŞ və Kanadanın ikili vətəndaşıdır.

Xatırladaq ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 33 minə yaxın fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.

İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.
İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

Bu arada Qəzzada döyüşlər davam edir. İsrailin Qəzzanın cənubunda BMT-nin fələstinli qaçqınlarla işləyən agentliyi olan UNRWA-nın qida paylama məntəqəsinə endirdiyi zərbə nəticəsində agentliyin bir əməkdaşı həlak olub, 22 nəfər yaralanıb.
UNRWA-nın məlumatına görə, son beş ayda gedən döyüşlər zamanı agentliyin həlak olan işçilərinin sayı 165-ə çatdırıb.
Qəzzanın səhiyyə orqanları UNRWA anbarının həyətinə endirilən zərbə nəticəsində ümumilikdə 5 nəfərin öldüyünü bildirib.

X: Lamanasadli01