Aİ mübahisəli Ukrayna fondundan ilk ödənişləri martda edəcək

Aİ mübahisəli Ukrayna fondundan ilk ödənişləri martda edəcək

Bakı. TurkicWorld:

Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen çətin danışıqlar nəticəsində qəbul edilən 50 milyard avroluq Ukrayna fondunun ilk ödənişlərinin mart ayında ediləcəyini açıqlayıb.

TurkicWorld-un məlumatına görə, Von der Leyen və Aİ Şurasının sədri Çarlz Mişel Avropa Parlamentinin (AP) Baş Assambleyasının sessiyasında fevralın 1-də keçirilən xüsusi liderlər sammitinin yekunları ilə bağlı çıxış ediblər.

Liderlərin növbəti dörd il ərzində Aİ büdcəsindən Ukraynaya 50 milyard avro dəstək verilməsinə dair sammitdə əldə etdikləri razılaşmadan məmnunluğunu təkrarlayan fon der Leyen mart ayında ödənişlərə başlayacaqlarını bildirib.

Fond 2024-2027-ci illərdə Ukraynanın müharibədən sonrakı rekonstruksiyasına, modernləşdirilməsinə və Aİ-yə üzvlük meyarlarına cavab vermək üçün lazımi islahatlara dəstək üçün istifadə olunacaq.

50 milyard avronun 33 milyardı kredit, 17 milyardı isə bağışlanacaq.

Digər tərəfdən, von der Leyen, Aİ-nin ilk dəfə uzunmüddətli büdcəsinə yenidən baxdığını vurğulayaraq qeyd edib ki, istədiyimiz maliyyənin 80 faizini aldığımız üçün çox şadam.

Von der Leyen, bu məbləğin qeyri-qanuni immiqrasiya ilə mübarizə, Qərbi Balkanlara dəstək, Qəzza kimi təbii fəlakətlər və humanitar böhranlarla mübarizə, müdafiə sənayesi və kritik texnologiyaların inkişafı kimi sahələrdə istifadə ediləcəyinə diqqət çəkib.

Mişel sammitdə müzakirə edilən digər məsələni, Yaxın Şərqdəki vəziyyəti də dəyərləndirib.

"İlk növbədə regional gərginliyin qarşısını almaq üçün hər şeyi etmək lazımdır. Qırmızı dənizdə ciddi təhlükəsizlik problemi var ki, bu da dünya üçün iqtisadi problem yaradır",- deyə Mişel bildirib.

Mişel həmçinin bu çətin işi yerlərdə yerinə yetirən Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Yaxın Şərq Agentliyinə (UNRWA) dəstəyin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Aytac Süleymanova

Twitter: a_alieva_