Paşinyan daxili və xarici siyasətdə məsuliyyəti öz üzərindən atmağa çalışır - Rəsmi Moskva

Paşinyan daxili və xarici siyasətdə məsuliyyəti öz üzərindən atmağa çalışır - Rəsmi Moskva

Bakı. TurkicWorld:

Ermənistanın baş naziri Nikol Paşinyanın 24 sentyabr 2023-cü il tarixli müraciəti Rusiyanın ünvanına qəbuledilməz hücumlar ehtiva edir və yalnız təkzib edilə bilər.

TurkicWorld xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.

"Bu, daxili və xarici siyasətdə uğursuzluqlara görə məsuliyyətdən yayınmaq və təqsiri Moskvanın üzərinə atmaq cəhdidir. Nikol Paşinyanın son açıqlamaları, Qərbin təhriki və rəsmi İrəvanın təsiri ilə Ermənistan və müttəfiqlik əlaqələrimiz üçün destruktiv proseslər epizodik deyil, sistemli xarakter daşıyır.

Hökumət başçısı, əslində, etiraf edir ki, bütün bu müddət ərzində ölkəni bilərəkdən Rusiyadan üz döndərməyə hazırlayıblar. Ermənistan özünün yeni - qərb inkişaf vektoru üzrə istiqamətləndirilmiş addımlarına əsassız olaraq guya Rusiyanın və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) səhvləri ilə haqq qazandırır.

Bununla belə, yaddan çıxır ki, dövlətlərimizin təhlükəsizlik və inkişafla bağlı bir çox məsələdə maraqları oxşardır, ABŞ və digər NATO ölkələrinin məqsədi isə təkcə Rusiyaya strateji zərər vermək deyil, həm də ümumi Avrasiya məkanımızı qeyri-stabilləşdirməkdən ibarətdir", - Rusiya XİN-in bəyanatında deyilir.

Qeyd edək ki, bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan həmvətənlərinə müraciətində bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Ermənistan-Rusiya strateji tərəfdaşlıq vasitələri Ermənistanın xarici təhlükəsizliyinin təmin edilməsi üçün kifayət deyil.

Bundan başqa, Paşinyan İtaliyanın "La Repubblica" qəzetinə müsahibəsində Rusiyanın "Cənubi Qafqazdan uzaqlaşdığını iddia edib. Baş nazirin sözlərinə görə, rus sülhməramlıları "Laçın yoluna nəzarət etmirlər", çünki "Rusiya bunu ya istəmir, ya da bacarmır".