Bakı. TurkicWorld:
Türkmən ədəbiyatının görkəmli nümayəndəsi, türkmən ədəbi dilinin yaradıcısı Məxdumqulu Fəraqi, 1733-cü ildə türkmən Kopetdağın ətəyində, Ətrak çayının hövzəsində yerləşən Hacı Qovuşan kəndində anadan olub.
Məxdumqulunun ailəsi oturaq Göklən tayfasının, Gerkez qəbiləsinin Qışıq qoluna aiddir. Hələ yeniyetməlik çağlarında şeir yazmağa başlayan, özünə Fəraqi ləqəbini götürüb. Atasının zəngin kitabxanası olub, buradakı ərəb və fars dillərindəki kitabları böyük həvəslə oxuyub.
Bundan başqa Məxdumqulu uşaqlıqdan zərgərlik və dəmirçiliklə də məşğul olub. Əvvəlcə Buxara xanlığında Qızıl-Ayağdaki İdris-Baba mədrəsəsində təhsil alıb, 1754-cü ildə Buxaranın məşhur Kəkildaş mədrəsəsində təhsilini davam etdirib. Burada o, öz dövrünün savadlı adamlarından sayılan mövlana Nuri-Kazım ibn Baharla tanış olub və onunla birlikdə səyahətə çıxaraq Özbəkistan, Tacikistan, Əfqanıstanı keçərək Hindistanın şimalına gəlibdir.
1757-ci ildə hər ikisi o dövrün elm mərkəzlərindən biri və çoxlu sayda mədrəsəsi olan Xivə şəhərinə gəlirlər. Burada Məxdumqulu Şirqazi xanın 1713-cü ildə tikdirdiyi mədrəsəyə daxil olub. 1760-ci ildə atasının ölümü ilə əlaqədar Məxdumqulu vətənə qayıdıb.
Atasının ölümü ilə bərabər, iki böyük qardaşının ölümü şairə ağır zərbə olub. Qardaşlarının itkisi ilə bağlı nisgil Məxdumqulunun şeirlərində dərin iz buraxmışdır. Şairin məhrumiyyətləri bununla bitmir. Məxdumqulu çox sevdiyi gözəl bir qızla evlənir, lakin ailənin iki oğlu uşaq yaşlarında vəfat edirlər. Həyatındakı bu ağrı və kədər onun poeziyasına təsir göstərib.
Məxdumqulu səyahət etməyi çox sevirdi. 1760-cı ildən başlayaraq, ömrünün sonuna kimi bir çox məmləkətləri ziyarət edir. Əvvəlcə Manqışlaqa, sonra Həştərxana, oradan da Azərbaycana gəlir. Məxtumqulu ömrü boyu çox sayda Yaxın və Orta Şərq ölkələrinə səfərlər edibdir.
Məxdumqulu poeziyasının əsas nailiyəti türkmən klassik ədəbiyyatını xalqın zəngin dili və folkloru ilə yaxınlaşdırmasındadır. O həmçinin türkmən ədəbiyatını ərəb və fars təsirlərindən xeyli azad edib.
Şair 1783-cü ildə vəfat edib. Məxdumqulu böyük bir əraziyə səpələnmiş türkmən qəbilələrinin birləşməsini istəyirdi. Bu ideya onun yaradıcılığında mühüm yer tutmuşdur.
Filologiya üzrə elmlər doktoru Salidə Şərifova yazır ki, xalq ruhunun tərcümanına çevrilmiş Məxdumqulu Fəraqi türkmən milli şüurunun və türkmən dövlətçiliyinin ideoloji əsaslarının formalaşmasında xüsusi rol oynayıb. O, türkmən birliyi ideyasını və türkmənlərə ortaq milli şüur aşılayan fikirləri şeirlərinin əsas məğzinə çevirməyi bacarıb.
Məxdumqulunun adlı-sanlı türkmən xanlarının, bəylərinin, sərkərdə və döyüşçülərinin qəhrəmanlıqlarının tərənnüm edildiyi şeirlərində türkmən tayfalarının daxili çəkişmələrə və müharibəyə qarşı birləşməsi arzusu özünü büruzə verir. Onun belə şeirlərindən biri də Əhməd şah Dürranini vəsf edildiyi şeiridir. Ustad şair bu şeirlərdə müstəqil türkmən dövlətinin birliyi arzularını əks etdirirdi:
Qəmdən uzaq olar, qəlbi dağlanmaz,
Yıxar dağı-daşı, yolu bağlanmaz.
Başqa bir elatda könlü saxlama,
Maxdımqulu, susmaz dili türkmənin.
Məxdumqulu ümumtürk folklorunu mənimsəyən şair-aşığa çevrilmişdir. Qeyd etmək lazımdır ki, 10 mindən artıq sətri özündə cəmləşdirən Məxdumqulu irsinın 90 faizi qoşuq janrına aiddir.
Məxdumqulu türkmən ədəbi dilinin banisidir. Ərəb-fars ölçülərindən (əruz) imtina etmiş türk dünyasının ilk şairlərindən biridir. Məxdumqulu xalq ənənələrinə malik olan heca vəznini yaradıcılığının əsasına çevirib. Məsələn, "Görüm görülməyən yerdə" şeiri heca vəzninin parlaq nümunəsidir:
İzzət, hörmət sın etməyin,
Görüm görülməyən yerdə.
Ağıllı olan söz açarmı?
Növbət verilməyən yerdə.
Şairin Azərbaycana səyahət etdiyi zamanı gördüyü Nuxaya (indiki Şəki) həsr etmiş olduğu "Yaylaqları var" şeirində şəhərin füsunkar təbiətinin vəsfi əksini tapmışdır:
Gedək seyrə çıxaq Nuxa mülkünü
Könülü oxşayan yaylaqları var.
Dərib qoxulayaq qönçə gülünü,
Yaşıl reyhanları, zanbaqları var.
Sonda qeyd etmək olar kı, yaradıcılığı ilə klassik türkmən şeirinin əzəmətini təsdiqləyən şair yalnız türkmən ədəbiyyatında deyil, dünya ədəbiyyatında da əlçatmaz poeziya nümunələri yaratmağa nail olub.
Aytac Süleymanova
Twitter: a_alieva_